05 oktyabr 2026 17:58
98

Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil - Gülnar Rzayeva

Müəllimlik Azərbaycan cəmiyyətində dərin mənəvi məsuliyyət və yüksək ictimai missiya daşıyan, gələcəyə qoyulan ən dəyərli sərmayələrdən biridir. Müəllim yalnız bilik vermir, eyni zamanda, dünyagörüşün, düşüncə tərzinin, dəyərlərin və gələcək seçimlərin formalaşmasına təsir göstərir.

“İki sahil” xəbər verir ki, bu fikirləri 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayeva söyləyib.

O bildirib ki, Azərbaycanın zəngin maarifçilik və elm ənənəsində müəllim şəxsiyyəti hər zaman xüsusi yer tutub. Firidun bəy Köçərli, Üzeyir Hacıbəyli, Mir Cəlal Paşayev, Abbas Zamanov kimi görkəmli ziyalıların fəaliyyətində müəllimlik və elm bir-birini tamamlayan mühüm istiqamətlər olub. G.Rzayevanın sözlərinə görə, müəllim öyrədən, alim isə yeni bilik yaradan tərəf kimi çıxış etsə də, hər iki missiyanın təməlində öyrənmək, araşdırmaq və cəmiyyətin intellektual inkişafına xidmət etmək dayanır. Bir çox hallarda alimliyə gedən yol məhz müəllimin yaratdığı maraqdan, verdiyi istiqamətdən və formalaşdırdığı düşüncə tərzindən başlayır. “Müəllimin şagird və tələbənin həyatındakı təsiri yalnız tədris etdiyi fənnin sərhədləri ilə məhdudlaşmır. Bəzən müəllimin söylədiyi bir fikir, tövsiyə etdiyi kitab, verdiyi sual və ya göstərdiyi diqqət gəncin gələcək həyat yolunun müəyyənləşməsində mühüm rol oynayır. Şagirdin daxilindəki marağı, qabiliyyəti və potensialı ilk görənlərdən biri məhz müəllim olur”, - deyə qeyd edib. Bildirib ki, gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil. Elmi düşüncə, ilk növbədə, sual vermək, araşdırmaq, mövcud fikirləri təhlil etmək, fərqli yanaşmalar irəli sürmək və öyrənməyə davamlı maraq göstərmək bacarığında özünü göstərir.

G.Rzayeva gənclərin elmə marağının artırılması və onların tədqiqat fəaliyyətinə cəlb olunmasının mühüm əhəmiyyət daşıdığını bildirib. Müasir dövrdə müəllimin missiyasına yeni istiqamətlərin əlavə olunduğunu diqqətə çatdıran alim rəqəmsallaşma və süni intellektin təhsilə daxil olmasının bilik əldə etmək imkanlarını genişləndirdiyini deyib. Bununla yanaşı, informasiya bolluğu şəraitində müəllimin rolunun daha da əhəmiyyətli olduğunu vurğulayıb.

“Gəncə yalnız informasiyanı əldə etmək deyil, onun etibarlılığını yoxlamaq, mənbələri müqayisə etmək, analitik düşünmək, akademik dürüstlük prinsiplərinə riayət etmək və müstəqil nəticə çıxarmaq bacarığı aşılanmalıdır”, - deyə G.Rzayeva bildirib. Filologiya sahəsində müəllimin rolunun xüsusi əhəmiyyət daşıdığını qeyd edən alim mətn üzərində düşünməyin, sözün və ideyanın dərin mənalarını dərk etməyin, müxtəlif baxışları müqayisə etməyin və hadisələri tarixi-mədəni kontekstdə qiymətləndirməyin gənclərdə həm filoloji dünyagörüşün, həm də analitik təfəkkürün formalaşmasına şərait yaratdığını bildirib. Onun fikrincə, əsl müəllimin uğuru yalnız dərs dediyi mövzunun mənimsənilməsi ilə ölçülmür. Onun ən böyük uğuru şagirdinin və tələbəsinin müstəqil düşünən, öyrənən, araşdıran və cəmiyyətə fayda verən şəxsiyyətə çevrilməsinə töhfə verməsidir. Bu mənada hər bir müəllim potensial olaraq gələcəyin aliminin, tədqiqatçısının, ziyalısının və fikir adamının formalaşmasında iştirak edir. Müəllim bu gün dərs deyir, amma onun yetişdirdiyi insan sabah cəmiyyət qurur və gələcəyi formalaşdırır.