Türkiyənin Antalya şəhərində 5–9 oktyabr tarixlərində 77-ci Beynəlxalq Astronavtika Konqresi – IAC 2026 keçirilir.
“İki sahil” xəbər verir ki, Beynəlxalq Astronavtika Federasiyasının təşkilatçılığı, Türkiyə Kosmik Agentliyinin ev sahibliyi və SAHA İstanbulun birgə təşkilatçılığı ilə keçirilən konqres kosmik agentliklərin, elmi-tədqiqat müəssisələrinin, universitetlərin və texnologiya şirkətlərinin nümayəndələrini bir araya gətirir.
“The World Needs More Space” şüarı ilə keçirilən tədbirdə kosmik tədqiqatlar, texnoloji yeniliklər və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunur.
Beş gün davam edəcək tədbir müraciətlərin sayına görə bütün zamanların rekordunu rəsmi olaraq qıraraq Türkiyənin qlobal kosmik diplomatiya və akademik tədqiqatlardakı mühüm rolunu nümayiş etdirir. Konqresdə 108 ölkədən 8330-dan çox məruzənin təqdim ediləcəyi, 10 mindən artıq nümayəndə ilə yanaşı, kosmik agentliklərin, aviasiya və kosmik sənaye sektorunun rəhbərlərinin, dünyaşöhrətli alimlərin və astronavtların iştirak edəcəyi gözlənilir.
Azərbaycan 317 məruzə ilə konqresə ən çox müraciət edən ölkələr sırasında Türkiyə və Çindən sonra üçüncü yerdə qərarlaşıb.
Konqres çərçivəsində elmi-texniki sessiyalar, plenar müzakirələr, texnologiya sərgisi və peşəkar görüşlər təşkil edilir. Bu platformalar elm, sənaye və təhsil nümayəndələri arasında təcrübə mübadiləsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.
Tədbirdə diqqət yetirilən istiqamətlərdən biri də kosmik texnologiyaların təhsil prosesinə inteqrasiyasıdır. Kosmos sahəsində əldə olunan elmi və texnoloji yeniliklərin məktəblilər üçün praktik və əlçatan təlim məzmununa çevrilməsi yeni təhsil yanaşmalarının formalaşdırılması baxımından mühüm imkanlar yaradır. Bu çərçivədə astronomiya müşahidələrinin təşkili, peyk təsvirləri əsasında coğrafi və ekoloji araşdırmaların aparılması, robototexnika və proqramlaşdırmanın kosmik missiya modelləri ilə əlaqələndirilməsi kimi tətbiqlər nəzərdən keçirilir. Belə yanaşmalar fizika, riyaziyyat, informatika və coğrafiya fənləri arasında əlaqənin gücləndirilməsinə, şagirdlərin tədqiqatçılıq, mühəndislik və yaradıcı düşünmə bacarıqlarının inkişafına xidmət edə bilər. Əsas məqsəd kosmik sahədə formalaşan beynəlxalq təcrübənin təhsil mühitinə gətirilməsi və şagirdlərin elmi bilikləri real tətbiq sahələri ilə əlaqələndirməsinə imkan verən yeni yanaşmaların öyrənilməsidir.
Qeyd edək ki, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq konqresdə "Azərkosmos"un dəvəti və təşkilatçılığı ilə iştirak edir.
Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil - Gülnar Rzayeva
ETİHİ Respublika Komitəsi bölgələrdə müəllimləri peşə bayramı münasibətilə təbrik edib