04 oktyabr 2026 10:43
116

Azərbaycan bu gün regionda müstəqil güc amili kimi çıxış edir - Kamran Bayramov

"Üç onillik bundan əvvəl, Sovet İttifaqının süqutundan sonra bir çoxlarına elə gəlirdi ki, tarix öz əsas mübahisəsinə son qoyub: ideologiyalar özünü tükəndirib, sərhədlər şərti xarakter daşıyacaq, beynəlxalq hüquq isə güc amilini əvəz edəcək. Bu gün bu gözləntilərin reallıqdan nə qədər uzaq olduğunu anlamaq üçün xəritəyə nəzər salmaq kifayətdir. Nə Azərbaycanın şimalında və cənubunda, nə də Yaxın Şərqdə müharibələr səngimək bilmir, beynəlxalq təsisatlar isə onları dayandırmaqda getdikcə daha çox acizlik nümayiş etdirir. Belə bir şəraitdə dövlətin dözümlülüyü və dayanıqlılığı artıq bəyanatlarla deyil, öz təhlükəsizliyinə, iqtisadiyyatına və xarici siyasətinə şəxsən cavabdeh olmaq bacarığı ilə müəyyən edilir."

Bu fikirləri "İki sahil"ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışına da məhz bu kontekstdə baxmaq lazımdır. Bu çıxış adi partiya hesabatı çərçivəsini xeyli aşdı. Dövlət başçısı, əslində, ölkənin yaxın illər üçün strateji hədəflər sistemini müəyyənləşdirdi - hərbi qüdrətin möhkəmləndirilməsi, ideoloji təhlükəsizliyin təmin edilməsi,  müstəqil xarici siyasətin davam etdirilməsi, Böyük Qayıdışın reallaşdırılması və azad edilmiş ərazilərin inkişafı, iqtisadi müstəqillik qorunub saxlanılması və əhalinin sosial rifahının gücləndirilməsi. Bu sistemdə də xüsusi yeri müstəqil xarici siyasət tutur.

Deputat diqqətə çatdırlb ki, 90-cı illərin əvvəllərində Sovet İttifaqı dağıldıqdan sonra onun tərkibinə daxil olan 15 respublikanın hamısı müstəqillik əldə etdi. Onlardan bəziləri bu və ya digər dərəcədə müstəqil xarici siyasət yürütməyə müvəffəq oldu. Lakin yalnız kağız üzərində, formal olaraq suverenləşən bir ölkə də var, o da Ermənistandır. Siyasətdən uzaq olan insanlar belə yaxşı bilir ki, qonşu ölkənin rəhbərləri bu və ya digər siyasi qərarları heç də həmişə öz siyasi iradələrinə əsasən deyil, çox vaxt yalnız xarici havadarlarının maraqlarına xidmət etmək üçün qəbul ediblər. Levon Ter-Petrosyanın hakimiyyəti dövründə də belə idi, Robert Koçaryan və Serj Sarkisyanın başçılıq etdiyi qondarma "Qarabağ klanı"nın zamanında da belə idi, Nikol Paşinyanın hazırkı idarəçiliyi dövründə də bu proses davam edir.
Mənzərə dəyişməz olaraq qalırdı, yalnız "kukla oynadanlar" dəyişirdi. Əgər əvvəllər bütün "dəyərli göstərişlər" Moskvadan gəlirdisə, bu gün Ermənistanın taleyini həll edənlər Brüssel və Paris simasında Avropa mərkəzləridir.

K.Bayramov əlavə edib ki, bu fonda milli maraqlara cavab verən müstəqil xarici kurs yürüdən Bakı İrəvanla kəskin təzad təşkil edir. Hətta Baltikyanı ölkələr də bu məsələdə bir qədər fərqli vəziyyətdədirlər: NATO üzvü olaraq onlar hərbi-siyasi blok çərçivəsində müəyyən kursa riayət etməlidirlər. Bakı isə hər hansı bir hərbi-siyasi və ya iqtisadi bloka daxil deyil. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindəki qələbəmizi nümunə göstərərək, Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışı zamanı məhz bu məqama diqqət çəkdi: O günlərdə Azərbaycan yalnız döyüş meydanında deyil, həm də informasiya və diplomatiya cəbhəsində mübarizə aparmalı oldu. Xarici kütləvi informasiya vasitələri, habelə müxtəlif xarici siyasətçilərin və ekspertlərin ritorikası vasitəsilə ölkəmizə nə qədər çirkab atıldı, təxribatçı və yalan bəyanatların əksəriyyəti isə məhz ATƏT-in Minsk qrupunda təmsil olunan ölkələrdən səslənirdi. Lakin Bakı nəinki xaricdən təxribatlara və hücumlara tab gətirdi, həm də bilavasitə döyüş meydanında hərb sənətinin təkrarolunmaz nümunəsini göstərdi. Təbii ki, Azərbaycan rəhbərliyinin, xalqının və ordusunun əzmkarlığı və məqsədyönlülüyü bədxahlarımızı qəzəbləndirirdi. İrəvanın arxasında duran "böyük dayıların" hansı hissləri keçirdiyini təsəvvür etmək çətin deyil. Və məhz o günlərdə Ermənistan xarici dəstəkdən hansı dərəcədə asılı olduğunu istər-istəməz nümayiş etdirdi.

Deputatın sözlərinə görə, çıxışının davamında dövlət başçısı bəyan etdi ki, Azərbaycanın xarici siyasəti elə qurulmalıdır ki, heç kim ölkənin daxili işlərinə qarışa bilməsin. Bu isə müstəqilliyə artıq başqa bucaqdan baxışdır. Humanitar fəlakətlə üzləşən ölkənin siyasi və iqtisadi köməyə ehtiyacı olduğu bir vaxtda dünya laqeydlik nümayiş etdirirdi. Yekunda Azərbaycan humanitar, iqtisadi və hərbi xarakterli problemləri müstəqil şəkildə həll etdi. Məhz siyasi iradə və seçilmiş kurs sayəsində Azərbaycan bu gün Cənubi Qafqazda müstəqil güc amili kimi çıxış edir. Bakı ilə yuxarıdan aşağıya və güc dili ilə danışmağın mümkün olduğu dövrlər geridə qaldı. Ölkəmiz regionda yeni geosiyasi reallıq formalaşdırıb və regiondan kənar oyunçular da bu reallıqla hesablaşmağa məcburdurlar. Öz taleyini müstəqil şəkildə həll etməyə qadir olan dövlətin müstəqilliyi böyük dərəcədə xarici güc mərkəzlərindən asılı olan ölkədən əsas fərqi də elə bundadır.