03 oktyabr 2026 08:53
92

Avstraliyanın Nyukasl şəhərində avtomobil izdihama çırpılıb

Avstraliyanın Nyukasl şəhərində avtomobil azarkeşlərin üzərinə sürülüb, 10 nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə "SBS News" məlumat yayıb. Qəza təxminən saat 9:30-da (Bakı vaxtı ilə 03:30-da) Uolsend rayonunda, azarkeşlərin final matçından əvvəl "Nyukasl Nayts" reqbi komandasını yola salmaq üçün yol kənarına toplaşdığı yerdə baş verib. Avtomobilin insanları vurmasından sonra hadisə yerinə on təcili tibbi yardım maşını və üç helikopter gəlib. Yeni Cənubi Uels ştatının Təcili Tibbi Yardım Xidməti on nəfərin xəsarət aldığını təsdiqləyib. Məlumata görə, 5 yaşlı qız və 67 yaşlı kişinin vəziyyəti kritikdir.

Yeni Cənubi Uelsin Baş naziri Kris Minns baş verənləri "ürəkağrıdıcı" adlandırıb. "Komandalarını finala yola salan azarkeşlərin belə dəhşətli hadisəyə məruz qaldığını görmək ürəkağrıdıcıdır", - o bildirib.

"Nyukasl Nayts"dan bildirilib ki, "böyük insident" səbəbindən komandanın avtobusu planlaşdırılmış marşrutdan kənara çıxıb.