Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.
Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncamı tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlar sırasındadır. Bu Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl Şəhəri Günüdür.
2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumumuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.
Prezident İlham Əliyev ötən dövrdə azad olunmuş Cəbrayıl rayonuna 10-dan artıq səfər edərək müxtəlif obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edib, tikinti işləri ilə tanış olub. Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Cəbrayıl rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
Azad Cəbrayılda indi genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. 2026-cı il sentyabrın 28-nə qədər Cəbrayıl şəhərində 680 ailə, 2974 nəfər, Horovlu kəndində 321 ailə, 1326 nəfər, Şükürbəyli kəndində 599 ailə, 2749 nəfər olmaqla cəmi 1600 ailə, 7022 nəfər məskunlaşıb. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci ildə Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə vurğuladığı kimi, bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri
İqtisadi müstəqillikdən siyasi dayanıqlığa: 1993-cü ildən başlayan yeni iqtisadi xətt
SOCAR və tərəfdaşlarından tarixi anlaşma: “Abşeron” yatağı tam gücü ilə işləniləcək