4 Oktyabr – Cəbrayıl şəhəri günü Azərbaycanın müasir tarixində həm ağrılı keçmişin xatırlanması, həm də Zəfərdən sonra formalaşan yeni reallıqların dəyərləndirilməsi baxımından xüsusi məna daşıyır. Bu tarix Cəbrayıl şəhərinin 2020-ci ildə işğaldan azad edilməsinin, Azərbaycan bayrağının şəhərdə yenidən dalğalanmasının və əcdadlarımızın tarixi torpaqlarında həyatın bərpasına başlanmasının rəmzidir. Prezident cənab İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi və 4 oktyabrın Cəbrayıl şəhəri günü kimi müəyyənləşdirilməsi də bu tarixi hadisənin dövlətçilik salnaməsindəki xüsusi yerini təsdiq edir. Cəbrayılın taleyi Qarabağ münaqişəsinin ən ağır səhifələrindən birini təşkil edir. Rayon 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğaldan əvvəl 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olan Cəbrayıl rayonunda sosial, iqtisadi, mədəni və ictimai həyatın bütün əsas sahələri formalaşmışdı. Rayonun iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tutur, üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıq inkişaf edirdi. Sənaye müəssisələri fəaliyyət göstərir, təhsil, səhiyyə və mədəniyyət infrastrukturu əhalinin xidmətində idi. İşğal Cəbrayılın yalnız ərazisinin itirilməsi ilə nəticələnmədi. On minlərlə insan öz doğma torpağından didərgin düşdü, yaşayış məntəqələri, sosial obyektlər, tarixi və mədəni irs nümunələri dağıdıldı. Cəbrayıllılar uzun illər ərzində doğma yurdlarından kənarda yaşamaq məcburiyyətində qaldılar. Rayon sakinlərinin respublikanın müxtəlif bölgələrində, o cümlədən müvəqqəti yaşayış məntəqələrində məskunlaşması işğalın insan talelərində yaratdığı ağır nəticələrin göstəricilərindən biri idi.
Cəbrayılın işğalı həm də Azərbaycanın tarixi-mədəni irsinə qarşı törədilmiş dağıntılarla müşayiət olundu. Xudafərin körpüləri, müxtəlif tarixi abidələr, məscidlər, türbələr, kurqanlar və digər mədəni irs nümunələri işğal dövründə dağıntılara və vandalizmə məruz qaldı. Bu baxımdan Cəbrayılın azad edilməsi yalnız ərazi üzərində nəzarətin bərpası deyil, həm də Azərbaycanın tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyırdı. Cəbrayılın azad olunmasına aparan yol isə 2020-ci ildən başlamırdı. 1994-cü ilin əvvəlində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndinin azad edilməsi bu istiqamətdə mühüm hadisə olmuşdu. 2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi isə Cocuq Mərcanlıya təhlükəsiz qayıdış üçün imkan yaratdı. Sonrakı mərhələdə burada həyatın bərpası Böyük Qayıdış ideyasının ilk real nümunələrindən birinə çevrildi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində yeni tarixi mərhələ açdı. Cəbrayıl rayonu bu hərbi-siyasi prosesin mühüm istiqamətlərindən biri oldu. Sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar kəndlərinin, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin azad edilməsindən sonra oktyabrın 4-də Cəbrayıl şəhərinin və bir sıra yaşayış məntəqələrinin azad edilməsi böyük strateji əhəmiyyət daşıdı.
Cəbrayıl əməliyyatı mürəkkəb istehkam sistemlərinin yarılması, ciddi müqavimətin dəf edilməsi və Azərbaycan hərbçilərinin böyük fədakarlığı ilə müşayiət olundu. Cəbrayılın azad olunması sonrakı hərbi əməliyyatlar üçün mühüm imkanlar yaratdı. Bu ərazidə əldə olunan strateji üstünlük Xocavənd istiqamətində, o cümlədən Hadrutun azad edilməsi istiqamətində əməliyyatların genişləndirilməsinə, daha sonra Zəngilan, Qubadlı və Laçın istiqamətlərində irəliləyişə imkan verən mühüm amillərdən biri oldu. Cəbrayılın azad edilməsi Azərbaycanın dövlətçilik tarixində daha bir mühüm simvolik hadisə ilə yadda qaldı. Qədim Xudafərin körpülərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həmin ərazidə Azərbaycan bayrağını ucaltması xalqımız üçün xüsusi tarixi və mənəvi əhəmiyyət daşıdı. Xudafərin yalnız mühüm tarixi-memarlıq abidəsi deyil, Azərbaycanın çoxəsrlik dövlətçilik və mədəniyyət tarixinin mühüm simvollarından biridir. Azərbaycan bayrağının burada dalğalanması tarixi torpaqlarımızda dövlət suverenliyinin bərpasının rəmzinə çevrildi.
Cəbrayılın azadlığından sonra qarşıda duran əsas vəzifə hərbi Zəfəri dayanıqlı sülhə, sosial-iqtisadi inkişafa və insanların doğma torpaqlarına qayıdışına çevirmək idi. Bu məqsədlə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma proqramları həyata keçirilməyə başladı. Cəbrayıl da bu prosesin əsas mərkəzlərindən birinə çevrildi. Bu gün Cəbrayılın timsalında Azərbaycan ərazi bütövlüyünün bərpasından sonra yeni dövlət siyasətinin – bərpa, quruculuq və Böyük Qayıdış siyasətinin nəticələrini aydın şəkildə görmək mümkündür. Burada həyata keçirilən layihələr yalnız dağıdılmış binaların yenidən inşası ilə məhdudlaşmır. Yeni şəhərsalma konsepsiyası, müasir sosial infrastruktur, enerji təminatı, nəqliyyat bağlantıları, sənaye və kənd təsərrüfatı imkanları, yaşayış məhəllələri və məşğulluq imkanları bütöv bir regional inkişaf modelinin formalaşdırılmasına xidmət edir. Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiq edilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Şəhərin gələcək inkişafı mərhələli şəkildə planlaşdırılıb. Müasir şəhərsalma prinsiplərinə əsaslanan yaşayış məhəllələri, ictimai və sosial obyektlər, yaşıllıq əraziləri və kommunal infrastruktur Cəbrayılın yeni simasının formalaşdırılmasına hesablanıb. Qarşıdakı mərhələdə şəhərin əhalisinin artması və doğma yurda qayıdan ailələrin burada təhlükəsiz, rahat və müasir şəraitdə yaşaması üçün geniş imkanların yaradılması nəzərdə tutulur. Cəbrayılın bərpasında enerji infrastrukturu xüsusi yer tutur. 2021-ci il oktyabrın 4-də “Cəbrayıl” yarımstansiyasının istifadəyə verilməsi rayonun enerji təminatının yenidən qurulması baxımından mühüm addım idi. Sonrakı illərdə enerji sisteminin daha da genişləndirilməsi istiqamətində layihələr həyata keçirildi. Cəbrayılın bərpa olunan enerji potensialından istifadə edilməsi isə regionun gələcək iqtisadi inkişafının mühüm istiqamətlərindən birinə çevrilir. Günəş elektrik stansiyaları ilə bağlı həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji zonasının formalaşdırılması siyasətinin tərkib hissəsidir. Nəqliyyat infrastrukturu da Cəbrayılın regional əhəmiyyətini artıran əsas amillərdəndir. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu rayonun digər ərazilərlə bağlantısının təmin edilməsində mühüm rol oynayır. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu isə Cəbrayıl şəhərini və ətraf yaşayış məntəqələrini vahid nəqliyyat sisteminə inteqrasiya edir. Bu layihələr yalnız nəqliyyat imkanlarını yaxşılaşdırmır, eyni zamanda ərazinin iqtisadi fəallığının artırılmasına, yeni investisiya və məşğulluq imkanlarının formalaşmasına xidmət edir.
Cəbrayılın iqtisadi potensialının yenidən reallaşdırılması istiqamətində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət daşıyır. 2021-ci il 4 oktyabr tarixli Prezident Fərmanı əsasında yaradılan sənaye parkı Cəbrayılın və bütövlükdə Şərqi Zəngəzur iqtisadi rayonunun iqtisadi inkişafında yeni imkanlar yaradır. Logistika və ticarət mərkəzləri, anbar kompleksləri, nəqliyyat və xidmət infrastrukturu ilə yanaşı, sənaye və sahibkarlıq subyektlərinin fəaliyyətinin genişləndirilməsi regionda yeni iqtisadi ekosistemin formalaşmasına zəmin yaradır.
Bu proses Cəbrayılın yalnız yaşayış məkanı kimi deyil, eyni zamanda regional iqtisadi və logistika mərkəzi kimi inkişaf etdirilməsi məqsədini də nümayiş etdirir. Rayonun coğrafi mövqeyi, nəqliyyat dəhlizlərinə yaxınlığı və Zəngilan istiqamətində Azərbaycan ərazisinin cənub sərhədlərinə çıxışı Cəbrayılı gələcək regional bağlantılar baxımından əhəmiyyətli məntəqəyə çevirir. Cəbrayılın bərpasında kəndlərin yenidən qurulması da mühüm yer tutur. Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı, Horovlu və Şükürbəyli kəndlərində həyata keçirilən layihələr Böyük Qayıdışın kənd yaşayış məntəqələri üzrə də sistemli şəkildə davam etdirildiyini göstərir. Yeni yaşayış evləri ilə yanaşı, məktəblərin, uşaq bağçalarının, tibb məntəqələrinin, inzibati və ictimai obyektlərin yaradılması qayıdan əhalinin sosial ehtiyaclarının kompleks şəkildə təmin olunmasına hesablanıb. Xüsusilə Horovlu və Şükürbəyli kəndlərinin yenidən qurulması və sakinlərin doğma yurdlarına qayıdışı Böyük Qayıdış siyasətinin praktiki nəticələrini göstərən mühüm hadisələrdir. Burada əsas məqsəd yalnız əhalinin köçürülməsi deyil, insanların davamlı və layiqli yaşayışını təmin edən sosial-iqtisadi mühitin yaradılmasıdır. Cəbrayıl şəhərində yaşayış komplekslərinin inşası da bu siyasətin mühüm istiqamətidir. Müasir standartlara uyğun çoxmənzilli binaların, tam təmirli mənzillərin, sosial obyektlərin və kommunal infrastrukturun yaradılması uzun illər doğma yurd həsrəti ilə yaşayan ailələrin Cəbrayıla qayıdışını reallaşdırır. Bu mənada hər yeni yaşayış məhəlləsi yalnız tikinti layihəsi deyil, bir ailənin öz doğma torpağına qayıdışının, bir nəslin tarixi yaddaşının bərpasının ifadəsidir. 2024-cü il sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınması bu baxımdan xüsusi tarixi məna daşıyırdı. İşğaldan sonra uzun illər müxtəlif ərazilərdə müvəqqəti məskunlaşmış ailələrin doğma şəhərlərinə qayıtması Cəbrayıl tarixində yeni mərhələnin başlanğıcı oldu. 2026-cı ilin sentyabrına olan göstəricilər də bu qayıdış prosesinin davamlı xarakter daşıdığını nümayiş etdirir. Cəbrayıl şəhəri ilə yanaşı, Horovlu və Şükürbəyli kəndlərində də keçmiş məcburi köçkün ailələrinin məskunlaşması həyata
keçirilib. Prezident cənab İlham Əliyevin Cəbrayıla mütəmadi səfərləri də rayonun bərpasına dövlət səviyyəsində verilən xüsusi əhəmiyyətin göstəricisidir. 2020-ci ilin noyabrında Xudafərin körpüsündə və Cəbrayıl şəhərində Azərbaycan bayrağının ucaldılmasından başlayaraq sonrakı illərdə müxtəlif infrastruktur, sosial, iqtisadi və yaşayış layihələrinin təməlqoyma və açılış mərasimlərinin keçirilməsi Cəbrayılın bərpasının ardıcıl və mərhələli xarakter daşıdığını göstərir.
Bu səfərlərin coğrafiyasına nəzər saldıqda Cəbrayılın bərpasının kompleks xarakteri aydın görünür. Enerji infrastrukturu, xəstəxana, məktəb, yaşayış kompleksləri, sənaye parkı, yollar, kəndlər, sərhəd infrastrukturu, günəş elektrik stansiyaları və digər layihələr vahid inkişaf strategiyasının ayrı-ayrı istiqamətlərini təşkil edir. Cəbrayılın timsalında Azərbaycan postmünaqişə dövrünün əsas məsələlərindən birini-keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına qayıdışını ardıcıl şəkildə həyata keçirir. Böyük Qayıdış yalnız fiziki köç prosesi deyil. Bu, uzun illər ərzində məcburi köçkünlük şəraitində yaşamış insanların sosial həyatının, məşğulluğunun, təhsilinin, səhiyyəsinin və ictimai mühitinin doğma torpaqlarda yenidən qurulması prosesidir. Cəbrayılın gələcəyi həm də onun tarixi irsinin qorunması ilə bağlıdır. Xudafərin körpüləri, qədim yaşayış məskənləri, dini və memarlıq abidələri, arxeoloji nümunələr rayonun tarixi yaddaşının ayrılmaz hissəsidir. Bərpa prosesində bu irsin qorunması yalnız Cəbrayıl üçün deyil, Azərbaycanın ümummilli mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Bu gün Cəbrayılın simasında iki tarixi proses paralel şəkildə görünür: bir tərəfdə işğalın yaratdığı dağıntıların izləri, digər tərəfdə isə həmin torpaqlarda sürətlə yüksələn yeni yaşayış məntəqələri, yollar, məktəblər, xəstəxanalar, enerji obyektləri və sənaye müəssisələri. Bu mənzərə Azərbaycanın Zəfərdən sonra qarşıya qoyduğu strateji məqsədin mahiyyətini – azad edilmiş ərazilərin yalnız bərpasını deyil, onların dayanıqlı inkişafını təmin etmək məqsədini əks etdirir.
4 Oktyabr – Cəbrayıl şəhəri günü həm də Azərbaycanın dövlətçilik tarixində mühüm bir həqiqəti xatırladır: ərazi bütövlüyünün bərpası dövlət suverenliyinin möhkəmləndirilməsi ilə tamamlanır. Cəbrayılın azad edilməsi hərbi Zəfərin mühüm səhifələrindən biri olduğu kimi, bu gün burada həyata keçirilən quruculuq işləri də Zəfərin sülh və inkişaf gündəliyinə çevrilməsinin nümunəsidir. Cəbrayılın bu günkü inkişaf dinamikası Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərini özündə birləşdirir: təhlükəsizliyin təmin olunması, müasir şəhər və kəndlərin salınması, iqtisadi fəallığın artırılması, enerji və nəqliyyat infrastrukturunun qurulması, sosial xidmətlərin əlçatanlığının təmin edilməsi və ən əsası, insanların doğma torpaqlarına qayıdışının təmin olunması.
Cəbrayılın tarixində 4 oktyabr artıq yalnız azadlığın tarixi deyil. Bu tarix həm də qayıdışın, yenidənqurmanın və gələcəyə baxışın rəmzidir. İşğal dövründə boşalmış şəhər və kəndlərdə həyatın yenidən canlanması Azərbaycanın dövlətçilik tarixinin yeni mərhələsinin mühüm göstəricisidir. Bu gün Cəbrayılın küçələrində dalğalanan Azərbaycan bayrağı 2020-ci ilin tarixi Zəfərinin simvolu olmaqla yanaşı, doğma torpaqların gələcək nəsillər üçün qorunmasının və inkişaf etdirilməsinin də rəmzidir. Cəbrayılın bərpası ilə Azərbaycan yalnız keçmişin yaralarını sağaltmır, eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun gələcəyini müasir inkişaf prinsipləri əsasında qurur. 4 Oktyabr – Cəbrayıl şəhəri günü bu baxımdan həm qəhrəmanlıq tarixinin, həm dövlət suverenliyinin, həm də Böyük Qayıdışın simvoludur. Cəbrayılın işğaldan azad edilməsi ilə başlayan yeni tarix bu gün bərpa-quruculuq mərhələsi ilə davam edir. Doğma torpaqlarına qayıdan ailələrin səsi, yeni məktəblərdə eşidilən uşaq səsləri, salınan yaşayış məhəllələri, qurulan sənaye və enerji obyektləri Cəbrayılın həyatının yenidən dirçəldiyini göstərir. Cəbrayılın gələcəyi artıq işğal və məcburi köçkünlük anlayışları ilə deyil, quruculuq, inkişaf, qayıdış və dayanıqlı tərəqqi anlayışları ilə müəyyən olunur. 4 Oktyabr isə bu yeni tarixin yaddaşda əbədiləşən günlərindən biri kimi Azərbaycanın Zəfər salnaməsində öz layiqli yerini tutur.
Mehriban Vəliyeva,
Milli Məclisin deputatı
SOCAR və tərəfdaşlarından tarixi anlaşma: “Abşeron” yatağı tam gücü ilə işləniləcək
Parlament fəaliyyəti yalnız qanun layihələrinin müzakirəsi və səsvermədən ibarət deyil