30 sentyabr 2026 12:26
101

“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası

Sentyabrın 29-da Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı keçirilib.

“İki sahil” xəbər verir ki, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin ərsəyə gətirdiyi sənədli film Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə Türk dövlətlərinin verdiyi dəstəyə, ortaq tarixi-mədəni bağlara, qardaşlıq və həmrəylik münasibətlərinə həsr olunub. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin “Türkün gücü tükənməz” adlı sənədli filmi hazırlanması layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsində dəstəklənən layihələr sırasındadır.

Təqdimatın məhz 29 sentyabrda — Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun qurucusu və ilk sədri, Milli Məclisin Mədəniyyət komitəsinin keçmiş sədri Qənirə Paşayevanın vəfatının üçüncü ildönümündə keçirilməsi tədbirə ayrıca mənəvi məna qazandırıb. Qənirə Paşayevanın Türk dünyasının yaxınlaşması, ortaq mədəni yaddaşın qorunması və türk xalqları arasında mənəvi körpülərin möhkəmləndirilməsi istiqamətində gördüyü işlər ehtiramla anılıb.

Mərasim Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə sayğı duruşu və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının aparıcısı olduğu təqdimatda dövlət və ictimaiyyət nümayəndələri, Milli Məclisin üzvləri, diplomatik korpusun təmsilçiləri, Türk dövlətlərinin Azərbaycandakı səfirləri, mədəniyyət və media ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlarda filmin mövzusunun yalnız bərpa-quruculuq prosesinin sənədləşdirilməsi ilə məhdudlaşmadığı, Qarabağda görülən işlərin fonunda Türk dünyasının həmrəyliyinin konkret ifadələrini yaddaşa köçürdüyü vurğulanıb. Qarabağda həyata keçirilən layihələr, yeni sosial və nəqliyyat infrastrukturu, mədəni-mənəvi irsin dirçəldilməsi ilə yanaşı, qardaş Türk dövlətlərinin bu prosesdə iştirakı və mənəvi dəstəyi filmin əsas xəttini təşkil edir.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Kəmalə Paşayeva filmin ərsəyə gəlmə məqsədindən və çəkiliş prosesindən danışaraq layihənin Qənirə Paşayevanın illər boyu xidmət etdiyi Türk dünyası idealına sədaqətin ifadəsi olduğunu bildirib, ürək sözlərini bölüşüb.

Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Türk dövlətlərinin səfirləri - Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel, Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov, Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Yenər Yıldırım, KKTC-nin Azərbaycandakı təmsilçisi Ufuk Turganər, layihənin rejissoru Elnurə Kazımova çıxış ediblər.

Çıxışlarda Azərbaycanla Türk dövlətləri arasında münasibətlərin tarixi-mədəni kökləri, qarşılıqlı etimad və həmrəylik ənənələri, Qarabağın dirçəlişinin bütövlükdə Türk dünyasında doğurduğu mənəvi rezonans barədə fikirlər səsləndirilib.

Sonra “Türkün gücü tükənməz” sənədli filmi nümayiş etdirilib.

Filmdə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq prosesinin ayrı-ayrı ünvanları, yeni infrastruktur layihələri, o cümlədən bölgənin yenidən həyata qaytarılmasını əks etdirən görüntülər təqdim olunur. Eyni zamanda, Türk dövlətlərinin Azərbaycana münasibətdə nümayiş etdirdiyi qardaşlıq və həmrəylik müxtəlif fakt və epizodların dili ilə ekran yaddaşına köçürülür.

Beləliklə, “Türkün gücü tükənməz” yalnız bir sənədli filmin adı deyil, filmin müəlliflərinin təqdimatında ortaq yaddaşdan ortaq gələcəyə uzanan mənəvi xəttin ifadəsi kimi səslənir. Qarabağın yenidən qurulan şəhər və kəndləri bu baxımdan təkcə böyük quruculuğun coğrafiyası deyil, həm də dostluğun, qarşılıqlı etimadın və Türk dünyası həmrəyliyinin görünən ünvanlarından biri kimi təqdim edilir.