Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"27 sentyabr tarixində Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyi Anım Gününü qeyd etməkdə bütün dünyadakı həmvətənlərimizə qoşulur. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anır, onların ailələri ilə həmrəy olduğumuzu bildiririk", - paylaşımda qeyd olunub. Xatırladılıb ki, 44 günlük Vətən müharibəsinin başlamasından altı il ötür: "27 sentyabr 2020-ci il tarixində Azərbaycan Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başlayıb. Prezident İlham Əliyevin rəhbərliyi altında hərbi qulluqçularımızın cəsarəti və xalqımızın birliyi işğal altındakı ərazilərin azad edilməsini təmin edib. 2020-ci ilin qələbəsi və 2023-cü ilin sentyabrında tam suverenliyin bərpa edilməsi Azərbaycan tarixində yeni bir səhifə açıb.
İşğalın irsi, o cümlədən ərazilərin minalarla çirklənməsi, yaşayış məntəqələrinin, infrastrukturun, mədəni və dini irsin dağıdılması ciddi humanitar çağırışlar yaratmaqda davam edir. Azərbaycanın yenidənqurma və minatəmizləmə səyləri, habelə Böyük Qayıdış proqramı keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətlə qayıtması üçün şərait yaradır. Azərbaycan Cənubi Qafqazda suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında bərqərar olan davamlı sülhə sadiqliyini qoruyub saxlayır".
Bildirilib ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh sazişi layihəsini paraflayıblar. "Bu əlamətdar hadisə münasibətlərin normallaşmasının irəliləməsi üçün mühüm əsas yaradıb", - Azərbaycanın Yaponiyadakı səfirliyinin məlumatında deyilir. Əlavə edilib ki, həmin gün imzalanmış Birgə Bəyannamə həmçinin regional kommunikasiyaların açılmasını, o cümlədən Ermənistan ərazisindən keçməklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını nəzərdə tutur. Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu (TRIPP) regionun xeyrinə ticarət və əməkdaşlığın genişləndirilməsi üçün imkanlar təqdim edir:
"Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir və gələcək nəsillər üçün təhlükəsiz və dinc gələcəyə sadiqliyimizi bir daha təsdiq edirik".