22 sentyabr 2026 08:02
95

Maştağada fərdi yaşayış evində partlayış baş verib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış nəticəsində evə ziyan dəyib, 2 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.