21 sentyabr 2026 11:42
247

Zəfərə aparan müqəddəs yol: Anım Günü və bərpa olunan milli qürurumuz

27 Sentyabr – Azərbaycan xalqının müasir dövlətçilik tarixində və milli yaddaşında həm dərin ehtiramın, həm də sarsılmaz milli birliyin, qürurun və şərəfin rəmzi kimi həkk olunmuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbə xalqımızın 30 illik həsrətinə, torpaq nisgilinə son qoydu. Bu Zəfər yalnız ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası deyil, həm də beynəlxalq hüququn və tarixi ədalətin təntənəsi oldu.

Azərbaycan hər zaman sülhsevər dövlət siyasətinə sadiq qalaraq, münaqişənin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və dinc danışıqlar yolu ilə çözülməsinə səy göstərmişdir. Lakin rəsmi İrəvanın onlarca il ərzində yürütdüyü işğalçılıq, saxtakarlıq, tarixi faktları təhrifetmə və düşmənçilik siyasəti müharibənin alovlanmasını qaçılmaz etdi.

Tarixi Azərbaycan torpaqlarına ermənilərin köçürüldüyü dövrdən etibarən mənfur qonşularımız toponimlərimizi dəyişdirmiş, yerli azərbaycanlı əhalini sıxışdıraraq öz etnik siyasətlərini yürütmüşlər. 1905–1907 və 1918–1920-ci illərdə soydaşlarımıza qarşı törədilən kütləvi qətliamlar, 1948–1953-cü illərdə 150 minə yaxın azərbaycanlının tarixi-etnik torpaqlarından deportasiya edilməsi və 1987-ci ildən başlayan növbəti deportasiya dalğası nəticəsində 300 mindən artıq soydaşımızın doğma yurdundan qovulması Ermənistanın monoetnik dövlətə çevrilməsi planının tərkib hissəsi idi.

Ermənistanın sərsəm “dənizdən dənizə Ermənistan” ideyası ölkəmizin 20 faiz ərazisinin işğalı, şəhər və kəndlərimizin, tarixi-mədəni irsimizin yerlə-yeksan edilməsi ilə nəticələndi. Başlıbel, Ağdaban, Baqanis-Ayrım faciələri və xüsusilə 1992-ci il fevralın 26-da 613 dinc sakinin – uşaqların, qadınların, qocaların vəhşicəsinə qətlə yetirildiyi Xocalı soyqırımı erməni faşizminin əsl vandal simasını bütün dünyaya göstərdi. Bu faciələrin və ədalətsizliyin fonunda isə münaqişənin nizamlanması üçün mandat almış ATƏT-in Minsk qrupu 29 illik fəaliyyəti müddətində məsələni köklü həll etməyə deyil, mövcud status-kvo durumunu dondurmağa və işğalı əbədiləşdirməyə xidmət etdi. BMT Təhlükəsizlik Şurasının erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı 4 məlum qətnaməsi 27 il boyunca kağız üzərində qaldı və icra olunmadı. Beynəlxalq aləmin bu seyrçi münasibəti və “ikili standartlar” siyasəti təcavüzkarı daha da hədsizləşdirdi.

2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin İyul Tovuz təxribatlarından dərs çıxarmayan düşmən, 2020-ci il sentyabrın 27-də təmas xətti boyunca yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi iriçaplı artilleriya qurğularından mütəşəkkil şəkildə atəşə tutdu. Dinc sakinlərimizin həlak olması və mülki infrastruktura dəyən zərər Azərbaycan xalqının səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dərhal verdiyi əks-hücum əmri ilə “Dəmir Yumruq” əməliyyatı başladıldı.

Azərbaycan Ordusu cəmi 44 gün ərzində hərb elminin ən müasir standartlarına cavab verən döyüş taktikalı dastan yazdı. Noyabrın 9-dək 5 şəhərimiz – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Qarabağın tacı olan Şuşa, habelə 4 qəsəbə, 286 kənd və strateji yüksəkliklər qəhrəman əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi.

Noyabrın 8-də Şuşanın azad olunması müharibənin taleyini həll etdi. Noyabrın 10-da imzalanan Üçtərəfli Bəyanatla Ermənistan kapitulasiya aktına qol çəkməyə məcbur oldu. Əldə olunmuş hərbi Zəfərin məntiqi və mahir siyasi-diplomatik davamı olaraq Ağdam (20 noyabr), Kəlbəcər (25 noyabr) və Laçın (1 dekabr) rayonları bir güllə belə atılmadan, sülh yolu ilə Azərbaycana təhvil verildi.

Müharibə dövründə xalqımız “Öldü var, döndü yoxdur!” şüarı ilə dövlətimizin, Ali Baş Komandanımızın və rəşadətli Ordumuzun ətrafında sıx birləşdi. Ön cəbhə ilə arxa cəbhənin bu sarsılmaz vəhdəti zəfərimizin ana sütununa çevrildi.

Bu gün dövlətimiz şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutur, onların ailələrinə, eləcə də qazilərimizə hərtərəfli diqqət və qayğı göstərir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis olunmuş Anım Günü xalqımızın öz qəhrəman övladlarına olan sonsuz ehtiramının təcəssümüdür. Şəhidlərimizin qanı ilə suvarılmış torpaqlarımızda salınan Hərbi Qənimətlər Parkı, Zəfər Parkı və Zəfər Muzeyi bu böyük tarixi qələbəni gələcək nəsillərin yaddaşına həkk edən müqəddəs məkanlardır.

Biz bu gün məhz həmin qəhrəmanların sayəsində başıdik, qalib ölkənin vətəndaşları və müzəffər xalqın nümayəndələriyik. Azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda bu gün böyük quruculuq, Böyük Qayıdış və dirçəliş dövrü yaşanır. Dağıdılmış şəhərlərimiz yenidən inkişaf edir, yollar çəkilir, həyat öz axarına qayıdır.

Anar Məmmədov,

Milli Məclisin deputatı