20 sentyabr 2026 20:22
131

Yeniyetmə akrobatlarımız mötəbər yarışda uğur qazanıblar

İtaliyanın Pezaro şəhərində yeniyetmələr arasında akrobatika gimnastikası üzrə Dünya yarışı keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi kişi qrupu - Yusif Hüseynzadə, Rəsul Əmiraslanov, Timur Xamidulin və Sərxan Ağayev, qadın cütlüyü - Hökümə Əliyeva və Fidan Rəşidova, eləcə də Aylin Məmmədova, Ayan Hacılı və Firuzə Qasımzadədən ibarət qadın qrupu təmsil edib. Təsnifat mərhələsində uğurla çıxış edən kişi və qadın qruplarımız finala vəsiqə qazanıblar.

Həlledici mərhələdə Aylin Məmmədova, Ayan Hacılı və Firuzə Qasımzadədən ibarət qadın qrupu 27.650 xal toplayaraq yarışın gümüş medalına sahib olub. Yusif Hüseynzadə, Rəsul Əmiraslanov, Timur Xamidulin və Sərxan Ağayevdən ibarət kişi qrupu isə 27.200 xal nəticə ilə bürünc mükafat əldə edib.

Qeyd edək ki, bu, Azərbaycanın yeniyetmə kişi gimnastlarının belə mötəbər yarışda ilk iştirakı və ilk medalı olub.