Suverenlik dövlətin yalnız hüquqi statusu deyil, onun öz ərazisində hakimiyyətini həyata keçirmək, qanunlarını tətbiq etmək, sərhədlərinə nəzarət etmək və milli maraqlarını müstəqil şəkildə qorumaq imkanının ifadəsidir. Azərbaycan üçün 20 Sentyabr məhz bu baxımdan xüsusi tarixi və siyasi məna daşıyır.
Azərbaycan xalqının dövlətçilik tarixində elə günlər var ki, onların əhəmiyyəti təqvim çərçivəsinə sığmır. 20 Sentyabr da belə tarixlərdəndir. Çünki bu gün Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının rəmzinə çevrilib. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 Sentyabrın Dövlət Suverenliyi Günü elan edilməsi təsadüfi deyil. Sərəncamda vurğulandığı kimi, 2020-ci il Vətən müharibəsi və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.
Bu, bir günün, bir əməliyyatın və ya yalnız hərbi qələbənin hekayəsi deyil. Bu, onilliklər boyu davam edən dövlətçilik mübarizəsinin məntiqi nəticəsidir.
1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkə ərazisinin mühüm hissəsi işğal edildi. Azərbaycan dövləti beynəlxalq səviyyədə öz ərazi bütövlüyünü qoruyub saxlayırdı, lakin uzun illər ərzində həmin ərazilərdə dövlət hakimiyyətini faktiki həyata keçirmək mümkün deyildi. Beləliklə, mühüm bir paradoks yaranmışdı: xəritədə həmin torpaqlar Azərbaycanın ərazisi idi, beynəlxalq hüquq baxımından da belə tanınırdı, lakin dövlət öz suveren hüquqlarını həmin ərazilərdə tam reallaşdıra bilmirdi. 2020-ci il bu reallığı dəyişdirdi.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğal altında olan ərazilərinin böyük hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçının qaytarılması ilə ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ başlandı. Daha sonra 2023-cü ilin sentyabr hadisələri bu prosesin son mərhələsini tamamladı. Prezidentin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamında da bu iki tarixi hadisə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasını təmin edən əsas mərhələlər kimi göstərilir.
2023-cü il aprelin 23-də Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz sərhədlərində nəzarəti təmin etmək istiqamətində mühüm addım idi. Çünki suverenlik yalnız siyasi bəyanatla təsdiqlənmir. Dövlət öz sərhədində nəzarət həyata keçirə bilməli, qanunlarını tətbiq etməli, təhlükəsizliyi təmin etməli və ərazisində qanunsuz silahlı strukturların fəaliyyətinə yol verməməlidir. Bu baxımdan Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması 2020-ci ildən sonra formalaşmış yeni reallığın mühüm göstəricilərindən biri idi.
2023-cü il sentyabrın 19-da Qarabağda başlanmış lokal xarakterli antiterror tədbirləri cəmi 23 saat davam etdi və sentyabrın 20-də başa çatdı. Rəsmi məlumatlara əsasən, əməliyyat nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edildi. Bu rəqəm – 23 saat – əslində yalnız hərbi əməliyyatın müddətini göstərir. Onun arxasında isə 30 ildən artıq davam edən siyasi, diplomatik, hərbi və hüquqi mübarizə dayanır.
Məhz buna görə 20 Sentyabrı yalnız 2023-cü ilin hadisəsi kimi qiymətləndirmək tarixi prosesin miqyasını daraltmaq olardı. 20 Sentyabr Azərbaycan dövlətinin öz ərazisində konstitusion hakimiyyətini tam bərpa etdiyi tarixi mərhələdir.
Zəfərə layiqincə qiymət vermək isə tarixə münasibət məsələsidir. Təəssüf ki, Azərbaycanın tarixi qələbələri ilə bağlı cəmiyyətdə vahid mövqenin formalaşmasına mane olan siyasi yanaşmalar hələ də mövcuddur. Hakimiyyətə siyasi münasibətlə dövlətin ərazi bütövlüyünün və suverenliyinin bərpasına münasibəti bir-birindən ayırmaq vacib şərtdir. Hər hansı siyasi qüvvənin hökuməti tənqid etməsini Azərbaycan Ordusunun qələbəsinin mahiyyətini kölgələndirən, suverenliyin bərpasını kiçildən və ya bu tarixi nəticəni daxili siyasi mübarizənin predmetinə çevirən yanaşma ilə eyniləşdirmək olmaz. Burada söhbət yalnız hakimiyyətin siyasi uğurundan getmir. Bu torpaqlar uğrunda şəhid olan insanların, qazilərin, döyüşən əsgər və zabitlərin fədakarlığından, bütövlükdə Azərbaycan dövlətinin fundamental marağından gedir. Ona görə də siyasi rəqabət nə qədər sərt olsa belə, milli tarixə münasibətdə müəyyən məsuliyyət sərhədləri olmalıdır. Hakimiyyəti tənqid etmək mümkündür və bu, siyasi plüralizmin tərkib hissəsidir. Lakin Zəfərin özünü siyasi mübahisənin predmetinə çevirmək, əldə edilmiş nəticəni kiçiltmək və tarixi reallığı müxtəlif siyasi hesablamalara uyğunlaşdırmaq cəmiyyətin milli yaddaşı baxımından zərərli elementlər olaraq qəbuledilməzdir.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də təsadüfi xarakter daşımırdı. Prezidentin müvafiq Sərəncamında qeyd edilir ki, Vətən müharibəsindəki qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu yanaşma mühüm bir məqamı ortaya qoyur: hərbi Zəfər dövlət quruculuğunun son nöqtəsi deyil, yeni mərhələsinin başlanğıcıdır.
Suverenliyin bərpasından sonra əsas vəzifə həmin suverenliyin siyasi, hüquqi, iqtisadi və sosial baxımdan möhkəmləndirilməsidir. İşğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdış, yeni infrastrukturun yaradılması, təhlükəsizliyin təmin edilməsi və həmin ərazilərin ölkənin ümumi inkişaf sisteminə inteqrasiyası bu prosesin mühüm istiqamətləridir.
Suverenlik həm də gələcəyə məsuliyyətdir
Bu gün Azərbaycan artıq fərqli geosiyasi reallıq şəraitində fəaliyyət göstərir. Ölkənin bütün ərazisində dövlət hakimiyyəti təmin olunur, Azərbaycan bayrağı bütün ərazilərdə dalğalanır və Konstitusiyanın hüquqi qüvvəsi ölkənin bütün ərazisinə şamil edilir.
Lakin suverenliyi qorumaq onu bərpa etmək qədər mühüm məsələdir. Bu baxımdan 20 Sentyabr yalnız keçmiş Zəfərin qeyd edilməsi günü deyil. Bu tarix gələcək nəsillərə dövlətçilik məsuliyyətinin ötürülməsi günüdür. Suveren dövlət olmaq öz taleyinə sahib olmaq deməkdir. Öz siyasi qərarlarını müstəqil qəbul etmək, milli maraqları qorumaq, sərhədlərinin təhlükəsizliyini təmin etmək, xalqın iradəsini dövlət institutları vasitəsilə reallaşdırmaq deməkdir. Azərbaycan xalqı bu haqqı asanlıqla əldə etməyib. Bu günün arxasında şəhid qanı, əsgər şücaəti, dövlət iradəsi, diplomatik mübarizə və xalq həmrəyliyi dayanır.
Ona görə də 20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan tarixinin sadəcə daha bir rəsmi tarixi deyil. Bu gün Azərbaycan dövlətinin öz ərazisi, taleyi və gələcəyi üzərində tam hakimiyyətinin rəmzidir. Bu tarix bizə bir daha göstərir: tarix yalnız qələbə qazanmaqla deyil, qazanılmış qələbəni qorumaq, onun siyasi və hüquqi nəticələrini möhkəmləndirmək və gələcək nəsillərə ötürməklə yazılır. 20 Sentyabr Azərbaycan xalqının dövlətçilik iradəsinin, milli həmrəyliyinin və suveren dövlətçilik idealının təntənəsidir.
Jalə Əliyeva,
Millət vəkili,
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri
komitəsinin sədr müavini
Suverenliyin təntənəsi: Prezident İlham Əliyevin Liderlik və İnkişaf Strategiyası
Dünyanın güclü dövlətləri Azərbaycanla ikitərəfli əlaqələri daha da genişləndirir