UEFA prezidenti Aleksander Çeferin FIFA-nın maliyyəsinin tam şəkildə nəzərdən keçirilməsinə çağırıb və təşkilatın 4,5 milyard funt sterlinqlik (6 milyard 25 milyon 500 min ABŞ dolları) pul ehtiyatlarının bölüşdürülməsini tələb edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Mirror" qəzeti məlumat yayıb. Çeferin FIFA prezidenti Canni İnfantinoya göndərdiyi məktubda dünya futbolunun ali qurumunun böyük maliyyə ehtiyatlarının bir hissəsindən istifadə etməyi və 211 üzv assosiasiyanın hər birinə 7,5 milyon funt sterlinq (10 042 500 ABŞ dolları) ayırmağı təklif edib. "FIFA maliyyə baxımından, şübhəsiz ki, güclü olaraq qalmalı, mövcud öhdəliklərini yerinə yetirməli və müvafiq ehtiyat fondu saxlamalıdır. Bizim təhlilimiz bütün bunları tam nəzərə alıb. Lakin hazırda FIFA-nın topladığı ehtiyatlarda milyardlarla dollar var. Bu vəsait futbola məxsusdur və futbolun inkişafına, eləcə də təşkilatın 211 üzv assosiasiyasına xidmət etmək üçün nəzərdə tutulub. Ehtiyatlılıq FIFA-nın proqnozlaşdırılan ehtiyaclarını aşan ehtiyatların bir hissəsinin məsuliyyətli şəkildə istifadəsinin mümkünlüyünün hərtərəfli araşdırılmasına mane olmamalıdır", - deyə Çeferinin açıqlamasını "Mirror" yayıb.
İyul ayında Canni İnfantinonun FIFA-nın əsas kişi və qadın yarışlarına nəzarət edəcək ayrıca şirkət yaratmaq istədiyi məlum olub. Onun fikrincə, FIFA Forward Enterprise şirkətinin yaradılması üzv assosiasiyaların gəlirlərini artırmaqla yanaşı, dünya futbolunun inkişafına da töhfə verə bilər. FIFA isə bu layihənin 4,2 milyard dollar gəlir gətirə biləcəyini bildirib. Təşəbbüs futbol funksionerləri, federasiyalar və digər təşkilatlar tərəfindən geniş şəkildə tənqid olunub.
56 yaşlı Canni İnfantino 2016-cı ilin fevralında keçirilən növbədənkənar FIFA Konqresində təşkilatın prezidenti seçilib. Daha sonra iki dəfə seçkidə alternativ namizəd olmadan yenidən FIFA prezidenti seçilib.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib