Bakıda Türk dünyasının, Qafqazın və İslam aləminin dini liderlərini bir araya gətirən görüş mənəvi dəyərlərin, sülhün və həmrəyliyin vacibliyini bir daha gündəmə gətirdi. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları, Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdə Seyid Yəhya Bakuvinin Azərbaycan xalqının yetişdirdiyi böyük şəxsiyyətlər sırasında xüsusi yer tutduğunu vurğuladı. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlərin yaratdığı mənəvi irsin yalnız Azərbaycan üçün deyil, bütün İslam dünyası üçün böyük dəyər daşıdığı qeyd edildi.
Prezident İlham Əliyev Azərbaycanın həm Türk dünyasının, həm də Qafqazın bir hissəsi olduğunu vurğulayaraq, bu coğrafiyaların tarixən bir-biri ilə sıx bağlı olduğunu qeyd etdi. Dövlət başçısının sözlərinə görə, dini liderlərin birgə iştirakı dostluq və qardaşlıq münasibətlərinin güclənməsi baxımından xüsusi rəmzi məna daşıyır. Şərqlə Qərbin, Türk və İslam dünyalarının qovuşduğu Azərbaycan paytaxtı müxtəlif dini və mədəni ənənələrin dialoqu üçün platforma rolunu oynayır.
Bu gün dünyada qarşıdurmaların, müharibələrin və fikir ayrılıqlarının artdığı bir vaxtda dini liderlərin sülhə çağırışlarının xüsusi əhəmiyyəti var. Prezident İlham Əliyev də çıxışında dini liderlərin sözünün müsəlman icmaları üçün mühüm olduğunu vurğulayaraq, onların sülhə, əməkdaşlığa, əmin-amanlığa və barışığa istiqamətlənən çağırışlarının bölgələrdə sabitliyə töhfə verə biləcəyini qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində çoxsaylı tədbirlərə ev sahibliyi etdiyini xatırlatdı. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının da yalnız idman tədbiri kimi deyil, birlik və həmrəylik bayramı kimi qəbul edildiyini bildirdi.
Beləliklə, Bakıdan verilən mesaj yalnız dini həmrəylik çağırışı ilə məhdudlaşmır. Burada söhbət müxtəlif ölkələrin və xalqların ortaq maraqlar ətrafında əməkdaşlığından, qarşıdurmaların aradan qaldırılmasına və dialoqun gücləndirilməsinə yönəlmiş səylərdən gedir.
Prezident İlham Əliyev çıxışında “Böyük Qayıdış” proqramının icrasından danışaraq, artıq 48 şəhər və kənddə insanların yaşadığını, həmin ərazilərdə 90 mindən çox insanın məskunlaşdığını bildirdi. Bu rəqəmlərin arxasında isə sadəcə statistik göstəricilər dayanmır. Burada uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların evlərinə qayıdışı, yeni məktəblərin, xəstəxanaların, yolların və yaşayış məhəllələrinin salınması, bir sözlə, həyatın yenidən qurulması dayanır. Lakin Qarabağın bərpası yalnız fiziki quruculuqla məhdudlaşmır. İşğal dövründə dağıdılmış dini və mədəni irsin bərpası da bu prosesin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyev çıxışında 65 məscidin Ermənistan tərəfindən tamamilə dağıdıldığını, bir sıra məscidlərin isə yarıdağıdılmış vəziyyətə salındığını bildirib.
Bu faktlar Qarabağdakı dağıntıların miqyasını göstərməklə yanaşı, dini-mədəni irsin qorunmasının nə qədər mühüm olduğunu da ortaya qoyur. Bu gün isə həmin torpaqlarda yeni məscidlər, yaşayış məhəllələri və sosial obyektlərlə yanaşı, tarixi-mədəni irsin bərpasına da diqqət yetirilir.
Bakıdakı görüşün diqqət çəkən xüsusiyyətlərindən biri də yaddaşla sülh ideyasının eyni müstəvidə səsləndirilməsi oldu. Prezident İlham Əliyev Qarabağda baş vermiş hadisələrin, Xocalı faciəsinin və dağıdılmış dini-mədəni irsin unudulmayacağını bildirməklə yanaşı, Azərbaycan-Ermənistan arasında sülh prosesinin davam etdiyini də qeyd etdi. Bu yanaşma bir həqiqəti ortaya qoyur - sülh yaddaşın silinməsi demək deyil. Əksinə, keçmişin dərslərini unutmadan gələcəyə baxmaq, yeni qarşıdurmaların qarşısını almaq və gələcək nəsillər üçün daha təhlükəsiz mühit formalaşdırmaq zərurətidir.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri
İslam dünyasının birliyi artıq yalnız siyasi çağırış deyil, real geosiyasi amilə çevrilə bilər
Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Ermənistanı narahat edir
Azərbaycanın suveren ərazisinə beynəlxalq səfəri hədəfə almaq ziddiyyətli mövqedir
İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır