14 sentyabr 2026 14:36
85

Səudiyyə Ərəbistanının vəliəhdi CENTCOM-un rəhbəri ilə görüşüb

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əl-Səud Ciddədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bredli Kuper ilə görüşüb. Səudiyyə Mətbuat Agentliyinə istinadən xəbər verir ki, tərəflər ikitərəfli münasibətləri və regiondakı mövcud vəziyyəti müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Görüş qonşu Yəməndə vəziyyətin kəskinləşdiyi bir fonda baş tutub. Belə ki, Yəməndə üsyançı "Ənsar Allah" (husilər) hərəkatı ölkənin cənub-qərbində hücuma keçib. Husilər yerüstü irəliləyişlərlə yanaşı, Qırmızı dənizin sahil zonalarını və Taiz şəhərinin ətrafını raket və PUA-larla hədəfə alaraq Moxaya gedən yolları kəsməyə və strateji əhəmiyyətli Bab əl-Məndəb boğazı yaxınlığındakı ərazilərə irəliləməyə çalışırlar.

Sentyabrın 11-də husilərin hərbi nümayəndəsi "Ənsar Allah" birləşmələrinin Səudiyyə qüvvələrini Yəmənin qərb sahillərindən sıxışdırıb çıxarmaq məqsədilə əməliyyata başladığını bildirib. Onun sözlərinə görə, buna səbəb Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrin son illər ərzində qərb sahilinin sakinlərinə və kəndlərinə qarşı davam edən hücumları olub. Sentyabrın 12-də isə "Ənsar Allah"ın siyasi bürosunun üzvü Hüzam əl-Əsəd husilərin Yəmənin qərbində Bab əl-Məndəb boğazına çıxışı olan ərazilər üzərində nəzarətin bərpa edilməsi əməliyyatını yekunlaşdırdığını təsdiqləyib.