Sentyabrın 13-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində şəhid Sadiq Zaur oğlu Əzizlinin xatirəsi anılıb.
Şəhidin ildönümü ilə əlaqədar olaraq Qaradağ rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov və Milli Məclisin deputatı Aydın Hüseynov, Qərbi Azərbaycan İcması Qaradağ rayon təşkilatı sədrinin müavini İbad Mehdiyev, digər idarə və müəssisə rəhbərləri ailəsi ilə birlikdə şəhidin məzarını ziyarət edərək, məzarı üzərinə əklil və gül dəstələri qoymuşlar.
Mərasimdə çıxış edənlər Qaradağ rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Aydın Hüseynov və Qərbi Azərbaycan İcması Qaradağ rayon təşkilatı sədrinin müavini İbad Mehdiyev şəhid ailəsinə baş sağlığı vermiş və vətən üçün canından keçən övladların heç zaman unudulmayacağını bildirmişlər. Ölkə rəhbərliyinin şəhid ailələrinə daimi diqqət və qayğı göstərdiyi və bunun davamlı olacağı ziyarət iştirakçılarının diqqətinə çatdırılıb.
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə eləcə şəhid adının daimi uca tutulması üçün görülmüş işlər ilə əlaqədar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirmişdir.
Qeyd edək ki, Sadiq Zaur oğlu Əzizli 13 mart 2003-cü ildə Bakı şəhərinin Qaradağ rayonunda anadan olmuşdur. 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. O, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində sıravi əsgər kimi hərbi xidmət etmişdir.
2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Quru Qoşunlarının hərbçisi olaraq iştirak edən Sadiq Əzizli 13 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş, Qaradağ rayonunun Qobustan qəsəbəsində dəfn olunmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Sadiq Zaur oğlu Əzizli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların qanlarıyla azad etdikləri torpaqlarımızı göz bəbəyi kimi qoruyacağıq.
Şəhidlərimizlə qürur duyur,onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirik.