13 sentyabr 2026 12:19
78

Almaniyada kütləvi etirazlar

Almaniyanın 35-dən çox şəhərində on minlərlə insan ifrat sağçılığa qarşı və demokratiyanın müdafiəsi tələbi ilə etiraz aksiyaları keçiriblər.

“İki sahil” xəbər verir ki, bu barədə “Tagesschau” agentliyi məlumat yayıb.

Məlumata görə, aksiyalar xüsusilə Saksoniya-Anhalt əyalətində keçirilmiş parlament seçkilərində “Almaniya üçün Alternativ” (AfD) partiyasının qələbəsindən sonra təşkil olunub.

Münhen, Hamburq, Berlin, Maqdeburq, Şverin, Drezden və Leypsiq də daxil olmaqla, bir sıra şəhərlərdə keçirilən aksiyalarda demokratik həmrəylik çağırışları səsləndirilib.

Berlin polisinin məlumatına görə, Berlindəki nümayişə təxminən 13 min nəfər qatılıb. Münhendə iştirakçıların sayı 12 min, Düsseldorfda isə 20 min nəfər olub. Hamburqda təşkilatçılar aksiyaya təxminən 20 min insanın qatıldığını bildiriblər.

Hamburqdakı nümayiş iştirakçıları AfD-nin qadağan olunması prosedurunun başlanmasının nəzərdən keçirilməsini tələb ediblər.

Etiraz aksiyalarına 100-dən çox təşkilat, təşəbbüs və həmkarlar ittifaqı qoşulub.