05 sentyabr 2026 11:46
85

Əhliyyət Mehdiyev: Onların adları elə şəkildə əbədiləşdirilməlidir ki...

Şəhidlərimizin adlarının əbədiləşdirilməsi dövlətimizin daim diqqətində olan məsələlərdəndir. Paytaxtda, o cümlədən işğaldan azad edilmiş rayonlarda Zəfər muzeylərinin yaradılması, şəhidlərimizin adlarının məktəblərə, küçələrə verilməsi, onların xatirəsinə müxtəlif tədbirlərin, idman yarışlarının, bilik müsabiqələrinin keçirilməsi bunun bariz nümunəsidir. Bütün bunlar gənc nəslin şəhidlərimizi tanıması, onların keçdiyi şərəfli yolu öyrənməsi və qəhrəmanlıq ənənələrinin yaşadılması baxımından olduqca əhəmiyyətlidir.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin sədr müavini, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti, Aprel döyüşlərinin qazisi Əhliyyət Mehdiyev söyləyib. Ə.Mehdiyev qeyd edib ki, daşların, divarların və digər səthlərin üzərinə şəhidlərin adlarının səliqəsiz və qeyri-peşəkar şəkildə yazılması xoşagələn hal deyil: “Şəhidlərimizin qəhrəmanlığına, göstərdikləri şücaətə və Vətənin azadlığı uğrunda verdikləri cana layiq münasibət göstərilməlidir. Onların adları elə şəkildə əbədiləşdirilməlidir ki, həm şəhid ailələrinin, həm də onların yaxınlarının qəlbini incitməsin, əksinə, onların xatirəsinə olan böyük ehtiramı ifadə etsin”.

Qazi vurğulayıb ki, işğaldan azad edilmiş ərazilər Azərbaycan xalqının böyük Qələbəsinin və ağır itkilərinin canlı tarixidir. “Biz həmin torpaqlara sadəcə torpaq kimi baxmamalıyıq. Orada şəhidlərimizin qanı, qazilərimizin izi, uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların xatirələri var. Ona görə də bu ərazilərdə hər bir davranışımız xüsusi məsuliyyət və həssaslıq tələb edir. Tarixi məkanların, abidələrin və təbii səthlərin qorunması hər birimizin vətəndaşlıq borcudur”.

Ə.Mehdiyev bildirib ki, şəhidlərin xatirəsinin yaşadılması yalnız adlarının hər hansı yerdə qeyd olunması ilə məhdudlaşmamalıdır: “Əsas məsələ onların həyat yolunun, Vətən uğrunda göstərdikləri qəhrəmanlığın gənclərə çatdırılmasıdır. Şəhidlərimizin adı məktəblərdə çəkilirsə, onların adına yarışlar keçirilirsə, muzeylərdə həyat və döyüş yolları nümayiş etdirilirsə, bu, daha böyük məna daşıyır. Çünki beləliklə, şəhidlərin adı sadəcə yazıda deyil, insanların yaddaşında və gələcək nəsillərin düşüncəsində yaşadılır”.