05 sentyabr 2026 12:17
145

Səngərdən keçən şanlı ömürlər

 

Qubalı qəhrəmanların döyüş yolu kitabda əbədiləşdirilib

Bu günlərdə "Səngərdən keçən şanlı ömürlər-Qubalı qəhrəmanların Vətən savaşı" adlı kitab çapdan çıxıb. Kitabda Birinci Qarabağ və İkinci Qarabağ savaşı kimi tarixə düşən Vətən müharibəsində igidliklə döyüşərək şəhid və qazi olan 252 nəfər qubalının döyüş yolundan söz açılıb. Onların şərəfli döyüş yollarından söz açan bu kitabı oxuyarkən bir daha əmin olursan ki, Azərbaycanın şanlı Zəfəri təsadüfi deyil. Bu Qələbənin arxasında illərlə Vətən qarşısında borcunu şərəflə yerinə yetirən, torpaqlarımızın azadlığı uğrunda canından keçən və düşmən qarşısında mərdliklə dayanan qəhrəmanlarımızın fədakarlığı dayanır. Qeyd edək ki, kitabda onların adları təltif və rütbələri əsas götürülməklə müəyyən ardıcıllıqla təqdim olunub.

Yeri gəlmişkən, fərqli müəlliflərin yazılarından ibarət kitabın məsləhətçisi “Qarabağ” ordenli polkovnik Əlişan Həsənovdur. Rəyçi Əməkdar jurnalist Əntiqə Qonaq, redaktoru veteran zabit, tədqiqatçı yazar Kərim Dünyamalıdır.

Milli Qəhrəman, şəhid baş leytenant Rafiq Nəsrəddinov başda olmaqla bütün qubalı şəhidlərə ithaf edilən kitabın ideya müəllifilərindən biri olan və kitabı çapa hazırlayan şair, publisist, tədqiqatçı, dörd kitab müəllifi Cabir Alpoğlu Albantürk bizimlə söhbətində bildirdi ki, onların hər biri Azərbaycanın hərb tarixinə yeni səhifələr yazıb, xalqımıza əvəzsiz sevinc bəxş edib: “Onu da deyim ki, igidlərimiz bu savaşlarda yalnız silah və texnika ilə deyil, eyni zamanda yüksək vətənpərvərlik hissi ilə savaşıblar.  Belə vətənpərvər qəhrəmanları olan dövlət isə heç vaxt yenilməyib”. C. Albantürk, həmçinin vurğuladı ki, bizə xoşbəxtlik bəxş etmiş, torpaqlarımızın suverenliyi uğurunda canlarından keçmiş bütün şəhidləri anmaq, qazilərə cansağlığı arzulamaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur: “Bu məqamda kitabın ön sözündə professor, Dr. Ələskər Ələskərlinin bu sözlərini xatırlatmaq istərdim: “Hər bir şəhid bu Vətənin canlı tarixidir. Onların qısa, lakin şərəfli ömür yolu gələcək nəsillər üçün vətənpərvərlik və fədakarlıq nümunəsidir”. Bəli, gənc nəslə qürur yerimiz olan şəhidlərimizi, qazilərimizi tanıtmaq, onları nümunə göstərmək daha vacibdir. Çünki onların döyüş yolu, sözün həqiqi mənasında, hər bir gəncə örnəkdir. Elə bu kitabı ərsəyə gətiməkdə məqsədimiz budur”.

Qvami Məhəbbətoğlu, “İki sahil”