02 sentyabr 2026 11:39
98

Kallasın rəhbərlik etdiyi diplomatiya xidmətində ixtisarlar olacaq

Avropa Komissiyası Kaya Kallasın rəhbərlik etdiyi Aİ-nin xarici siyasət xidmətinin ixtisar edilməsi və onun bəzi funksiyalarının Avropa İttifaqının icraedici orqanlarının strukturlarına həvalə olunması planlarını işləyib hazırlayır.

“İki sahil” "Financial Times" (FT) qəzetinə istinadla xəbər verir ki, müvafiq tələbi Brüsselin xarici siyasət mexanizminin ilin sonunadək islahat edilməsinə çalışan Fransa və Almaniya irəli sürüb.

Gələn ay Aİ liderlərinin sammitində müzakirə olunacaq təşəbbüs Aİ-nin xarici siyasət xidmətinin bir sıra səlahiyyətlərinin Avropa Komissiyasının ticarət, rəqəmsal tənzimləmə və texnologiyalarla məşğul olan müvafiq departamentlərinə inteqrasiyasını nəzərdə tutur. Tərəfdarlarının fikrincə, islahat Aİ-nin növbəti ümumi büdcəsinin ixtisar edilməsi ilə bağlı üzv ölkələrin tələbləri fonunda funksiyaların təkrar olunmasını azaltmağa və xarici siyasət fəaliyyətinə çəkilən xərcləri aşağı salmağa imkan verəcək. Aİ diplomatiya xidmətinin bəzi funksiyaları, o cümlədən sülhməramlı missiyalar və hərbi hazırlıq icraedici orqanlardan kənarda qala bilər.

Aİ-nin xarici siyasət xidmətinin gələcəyi haqqında yekun qərarlar yalnız üzv ölkələrin təsdiqi ilə qəbul edilə bilər. Avropa Komissiyası islahatların müzakirə olunduğunu təsdiqləyərək, strukturların müasir çağırışlara uyğunlaşdırılmasının zəruriliyini vurğulayıb.