Avqustun 27-də AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Bölmə, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları Şərur rayonunun II Xələc yaşayış yerində aparılan qazıntı işlərinin gedişi ilə yaxından tanış olub.
“İki sahil” xəbər verir ki, Xələc arxeoloji ekspedisiyası AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Zeynəb Quliyevanın rəhbərliyi ilə iyulun 23-dən aparılır.
Məlumat verilib ki, ekspedisiyanın əsas məqsədi Azərbaycanın Yaxın Şərqlə sərhəd bölgəsində, xüsusilə Naxçıvanda qədim arxeoloji mədəniyyətlərarası keçid xüsusiyyətlərini və Cənubi Qafqaz-Yaxın Şərq əlaqələrini araşdırmaqdır. Qazıntılar nəticəsində erkən orta əsrlərə və son antik dövrə aid mədəni təbəqələr, zəngin keramika məmulatları, daş sütun altlıqları ilə müşayiət olunan ictimai tikili kompleksi üzə çıxarılıb.
Bildirilib ki, II Xələc abidəsi regionun tarixi yaddaşını öyrənmək üçün mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, qazıntı işlərinin avqust ayının sonunadək başa çatdırılması nəzərdə tutulur.