Təbii inhisar sahəsində fəaliyyətin tənzimlənməsinə dair seminar keçirilib.
“İki sahil” xəbər verir ki, maarifləndirici tədbirdə təbii inhisar sahəsində rəqabət siyasətinin prinsipləri və Rəqabət Məcəlləsində nəzərdə tutulmuş dövlət nəzarəti mexanizmləri barədə ətraflı məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və “Caspian Energy Club”ın birgə təşkilatçılığı ilə “Təbii inhisar subyektlərinə qadağan edilmiş hərəkətlər” mövzusunda seminar keçirilib. Seminarda pərakəndə ticarət, istehsal, ixrac, logistika, nəqliyyat, xidmət və digər sahələrdə fəaliyyət göstərən 40-dan yuxarı biznes subyekti iştirak edib.
Tədbir çərçivəsində təbii inhisarların fəaliyyətini şərtləndirən amillər, Rəqabət Məcəlləsində nəzərdə tutulan tənzimləmə meyarları, razılıq tələb olunan hərəkətlər və həmin hərəkətlərlə bağlı müraciətlərin baxılması qaydaları barədə məlumat verilib. Bundan əlavə, məhsulların istehsalı (satışı) zamanı təbii inhisar subyektlərinə qadağan olunan hərəkətlər, istehlakçılara münasibətdə ayrı-seçkiliyə yol verilməməsi, müştərilərin hüquq və mənafelərinin qorunması ilə bağlı normalar diqqətə çatdırılıb.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb, onlara əyani nümunələr üzərindən izahlar verilib.