Azərbaycan - Özbəkistan münasibətlərinin yeni mərhələsi iqtisadi əlaqələri də ticarət çərçivəsindən çıxararaq investisiya, birgə istehsal və logistika istiqamətində dərinləşdirir. Qarşıdakı dövrdə əsas potensial isə iki ölkənin imkanlarını birləşdirərək birgə məhsul istehsal etmək və üçüncü bazarlara çıxmaqdır.

İqtisadçı Eldəniz Əmirov “İki sahil”ə açıqlamasında bildirdi ki, “Əbədi dostluq müqaviləsi”nin iqtisadi münasibətlərə gətirəcəyi yeni mərhələnin əsas mahiyyəti adi ticarət münasibətlərindən böyük investisiya və birgə istehsal proseslərinə keçiddir. Ölkələr arasında münasibətlər artıq elə bir səviyyəyə çatıb ki, məqsəd yalnız 2025-ci ildə 295 milyon dollar təşkil edən ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması deyil. Düzdür, hər iki ölkə tərəfindən bu hədəf müəyyənləşdirilib. Lakin Azərbaycan-Özbəkistan münasibətləri artıq “mal aldım, mal satdım” formatından daha geniş məzmun daşıyır. Məsələn, 500 milyon dollarlıq Azərbaycan-Özbəkistan investisiya şirkətinin yaradılması bunun göstəricilərindən biridir. Eyni zamanda, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin perspektivdə Orta Dəhlizə inteqrasiyası iki ölkə arasında iqtisadi əlaqələrin daha real nəticələr verməsinə imkan yarada bilər.
Ticarət dövriyyəsindən birgə istehsala
Növbəti mərhələdə sənaye kooperasiyası, birgə müəssisələrin yaradılması, logistika layihələri və qarşılıqlı investisiyalar istiqamətində daha geniş əməkdaşlıq görə bilərik. Başqa sözlə, Azərbaycan və Özbəkistan yalnız bir-birinə mal satıb almaqla kifayətlənməyəcək, eyni zamanda birgə məhsul istehsal edərək həmin məhsulları üçüncü bazarlara çıxarmaq imkanına malik olacaq. Düşünürəm ki, yeni mərhələnin əsas mahiyyəti məhz bu olmalıdır.
İki ölkənin coğrafiyası iqtisadi üstünlüyə çevrilir
Orta Dəhliz baxımından da Azərbaycan və Özbəkistanın üstünlükləri bir-birini tamamlayır. Özbəkistan 37 milyondan çox əhalisi olan böyük Mərkəzi Asiya bazarı və mühüm istehsal mərkəzidir. Azərbaycan isə Türkiyə və Avropa bazarlarına çıxış baxımından əsas tranzit qovşaqlardan biridir. Bu amillər iki ölkənin əməkdaşlığı üçün ciddi potensial yaradır. 2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının həcmi 1,4 milyon tona çatıb. 2026-cı ilin ilk yarısında isə bu göstəricidə 10,2 faizlik artım qeydə alınıb. Gələcəkdə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin Orta Dəhlizə qoşulması bu marşrutun əhəmiyyətini daha da artıra bilər.
Yükün özü qədər onun yaratdığı iqtisadi imkanlar da vacibdir
Azərbaycan üçün əsas məqsəd yalnız tranzit haqlarından gəlir əldə etmək olmamalıdır. Əsas məsələ yük axınının ətrafında yeni iqtisadi fəaliyyət sahələrinin formalaşdırılmasıdır. Bura logistika, anbar, emal, ticarət, müxtəlif xidmətlər, maliyyə və digər sahələr daxildir. Yük axını ətrafında formalaşan bu fəaliyyətlər əlavə dəyər yarada bilər.
İki ölkə arasında ən böyük iqtisadi potensial isə, məncə, nəqliyyat və logistika ilə yanaşı, bu sahələrin ətrafında formalaşan istehsal-ticarət zəncirindədir. Burada enerji, kənd təsərrüfatı və sənaye əməkdaşlığı da bir-biri ilə əlaqələnir.
Kapitalın hərəkəti əməkdaşlığın dərinliyini göstərir
Digər mühüm istiqamət birgə investisiyalardır. Artıq Azərbaycandan Özbəkistana kapital axını mövcuddur. Hazırda Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox, Özbəkistanda isə Azərbaycan kapitallı 280 müəssisə fəaliyyət göstərir. Bununla yanaşı, 500 milyon dollarlıq investisiya fondunun yaradılması da əməkdaşlığın miqyasını genişləndirə bilər.
Ona görə də əsas perspektiv yalnız qarşıya qoyulmuş 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaqdan ibarət deyil. Daha böyük potensial iki ölkə arasında birgə istehsal, investisiya və logistika zəncirinin qurulması və bu zəncir vasitəsilə üçüncü bazarlara çıxışın təmin edilməsidir.
Nigar Orucova, "İki sahil"