Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində hər iki ölkənin dövlət başçılarının iştirakı ilə avqustun 23-də “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2027-2028-ci illər üçün Əməkdaşlıq Proqramı”nın mübadiləsi həyata keçirilib.
“İki sahil” xəbər verir ki, Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Əməkdaşlıq Proqramının icrası çərçivəsində “ASAN xidmət”də tətbiq edilən süni intellekt həlləri, insan resurslarının idarə olunması, dövlət xidmətlərinin göstərilməsi üzrə biznes-proseslərin optimallaşdırılması və digər sahələr üzrə Özbəkistanın Dövlət Xidmətləri mərkəzlərində fəaliyyət göstərən dövlət qulluqçuları üçün təlimlərin təşkili, həmçinin təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edilib ki, 2019-cu il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistanın müvafiq qurumu arasında “Özbəkistan Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsi haqqında” Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunun icrası çərçivəsində həyata keçirilmiş əməkdaşlığın nəticəsində hazırda Özbəkistanda “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərən 200-dən çox Dövlət Xidmətləri mərkəzləri mövcuddur.
2024-cü ilin avqust ayında Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində hər iki ölkənin dövlət başçılarının iştirakı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2024-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı” imzalanıb.
Dövlət Agentliyi tərəfindən Özbəkistanın Dövlət Xidmətləri mərkəzlərində fəaliyyət göstərən dövlət qulluqçuları üçün onlayn və fiziki formatda dövlət xidmətlərinin göstərilməsi sahəsində müxtəlif təlim proqramları təşkil olunub, eləcə də bir sıra qarşılıqlı səfərlər həyata keçirilib.