24 avqust 2026 12:12
102

Vüsal Qasımlı Koreya Respublikasının Azərbaycandakı səfiri ilə Orta Dəhlizin perspektivlərini müzakirə edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kanq Kımqunu qəbul edib.

“İki sahil” xəbər verir ki, tərəflər Azərbaycan–Koreya iqtisadi münasibətlərinin inkişaf perspektivləri, Orta Dəhlizin qlobal təchizat zəncirlərində artan strateji əhəmiyyəti, süni intellekt və verilənlərə əsaslanan idarəetmə, regional data strategiyası, yaşıl nəqliyyat dəhlizləri və bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Vüsal Qasımlı Orta Dəhlizin yalnız Asiya ilə Avropanı birləşdirən tranzit marşrutu deyil, həm də ticarət, investisiya, istehsal, enerji və regional inteqrasiyanı təşviq edən çoxşaxəli iqtisadi platforma olduğunu bildirib. Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat-logistika infrastrukturu ölkənin dəhlizin əsas qovşaqlarından biri kimi rolunu gücləndirir.

Həmçinin Koreyanın qabaqcıl texnoloji imkanları və ağıllı logistika sahəsində təcrübəsi ilə Azərbaycanın regional bağlantı potensialının uzlaşdırılmasının yeni əməkdaşlıq imkanları yarada biləcəyi qeyd olunub. Liman və dəmir yolu infrastrukturunun rəqəmsallaşdırılması, intellektual logistika sistemləri, yüklərin real vaxt rejimində izlənilməsi və kağızsız ticarət mexanizmlərinin inkişaf perspektivləri nəzərdən keçirilib.

Süni intellektin, böyükhəcmli verilənlərin təhlilinin və proqnozlaşdırma modellərinin yük axınlarının optimallaşdırılmasına, logistika risklərinin əvvəlcədən müəyyənləşdirilməsinə və sərhədkeçmə prosedurlarının sürətləndirilməsinə imkan verdiyi vurğulanıb. Tərəflər, həmçinin yaşıl logistika, karbon emissiyalarının azaldılması, bərpaolunan enerji mənbələrindən istifadə və yaşıl enerjinin ötürülməsi sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Sonda iki ölkənin analitik mərkəzləri və tədqiqat institutları arasında birgə araşdırmaların aparılması, ekspert mübadiləsinin təşkili və müvafiq istiqamətlər üzrə ortaq tədbirlərin keçirilməsi imkanları nəzərdən keçirilib.

Görüşdə Koreya Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri və missiya rəhbərinin müavini Kim Changsoo, İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli və Rəqəmsal Ticarət Qovşağının rəhbəri İsmət Mehrəliyeva iştirak ediblər.