23 avqust 2026 22:10
127

“Bild”: Almaniya ən yüksək kredit reytinqini itirmək təhlükəsi ilə üzləşir

Almaniya rekord dövlət borcu və aşağı iqtisadi artım səbəbindən ən yüksək AAA kredit reytinqini itirə bilər.

İki sahil” yazır ki, bu barədə “Bild” qəzeti “S&P Global Ratings” reytinq agentliyinə istinadən məlumat yayıb.

Agentlikdən qəzetə bildirib ki, "Əgər Almaniyanın iqtisadi göstəriciləri proqnozlarımızdan xeyli aşağıda qalarsa, ölkənin reytinqi risk altında ola bilər".

Bir müddət əvvəl Almaniyanın Federal Statistika İdarəsi Almaniyanın 2025-ci ildə dövlət borcunun səviyyəsinin yenidən 2,7 trilyon avroya çataraq yeni rekord qırdığını bildirmişdi. Gələn il dövlət xərclərinin 629 milyard avro olacağı təxmin edilir ki, bunun 196,5 milyard avrosu yeni borcdur. Bu o deməkdir ki, təxminən, hər üçüncü avro borclanma yolu ilə maliyyələşdirilir, yəni Almaniya artan faiz ödəməli olacaq - bu il təxminən 30 milyard avro, 2027-ci ildə 42 milyard avro, faiz borcu isə 2030-cu ilə qədər 81 milyard avroya qədər artacaq.

"İqtisadiyyatın problemləri yalnız islahatlar yolu ilə həll edilə bilər, amma hazırda biz vaxt itiririk", - deyə Almaniya hökumətinin iqtisadi inkişaf üzrə məsləhət şurasının üzvü Veronika Qrimm “Bild”ə verdiyi müsahibədə bildirib.

Son illərdə Almaniya uzunmüddətli iqtisadi böhran yaşayır. Bu, əvvəlcə COVID-19 pandemiyası, daha sonra Rusiya qaz təchizatının kəsilməsi və İranla bağlı münaqişə ilə daha da pisləşib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”