Zəngəzur dəhlizinin Cənubi Qafqazın gələcəyində strateji əhəmiyyəti artır. Bu, həm geosiyasi baxımdan, həm də nəqliyyat-logistika və enerji təşəbbüslərinin həyata keçirilməsi kontekstində özünü göstərir.
“İki sahil” xəbər verir ki, bu fikirləri türkiyəli beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Gökhan Özçubukçu “Fokus+” nəşrində dərc olunan məqaləsində yazıb.
Ekspert vurğulayıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin bərpası Türkiyə, İran, Mərkəzi Asiya ölkələri və Avropa arasında münasibətlərin inkişafı üçün mühüm geoiqtisadi potensial yaradır və bunun əhəmiyyəti regionun coğrafi sərhədlərini xeyli aşır: “Buna görə də Zəngəzur dəhlizinin gələcəyini yalnız nəqliyyat layihəsi prizmasından qiymətləndirmək kifayət deyil. Bu marşrut Cənubi Qafqaz və Türk dünyasında regional qarşılıqlı əlaqələr arxitekturasının transformasiyasının mühüm göstəricilərindən biri kimi diqqəti cəlb edir”.
Məqalənin müəllifi Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünün Cənubi Qafqazda sülh prosesləri üçün yeni imkanlar açan nəticələrinə diqqət çəkib: “2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən danışıqlar Cənubi Qafqazda münasibətlərin gələcəkdə normallaşdırılması və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi üçün siyasi zəmin formalaşdırdı. ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşündə birbaşa iştirakı və Zəngəzur dəhlizinə göstərdiyi maraq yeni marşruta regionun hüdudlarından xeyli kənara çıxan geosiyasi və iqtisadi hesablamalardakı roldan xəbər verir”.
O qeyd edir ki, Zəngəzur dəhlizi məsələsi Azərbaycanla Ermənistan arasında dialoq gündəliyinin çərçivəsini aşaraq Cənubi Qafqazın Avrasiya xəritəsində gələcək mövqeyini müəyyən edən əsas amillərdən birinə çevrilib.
Ekspert oxucuların diqqətini Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri çərçivəsində səsləndirdiyi bəyanatlara yönəldib: “Azərbaycan Prezidentinin bəyanatları göstərdi ki, Bakının Zəngəzur dəhlizi layihəsinə yanaşması nəqliyyat komponentinin hüdudlarından kənara çıxır. Dəmir yolları və avtomobil yolları ilə yanaşı, layihəyə fiber-optik rabitə infrastrukturu, elektrik cərəyanı xətləri, neft və qazın nəqli üçün boru kəmərlərinin əlavə edilməsi ona çoxsəviyyəli geoiqtisadi xarakter verəcək. Zəngəzur Orta dəhlizin mühüm həlqəsi kimi Azərbaycanın Avrasiyanın nəqliyyat şəbəkələrində mövqeyini möhkəmləndirəcək, eyni zamanda Türkiyənin Asiya ilə Avropa arasında tranzit rolunu daha da gücləndirəcək”, - deyə M.G.Özçubukçu vurğulayıb.
Ekspert daha sonra bildirib ki, Türk dünyası baxımından Zəngəzur dəhlizi yalnız Azərbaycanla Türkiyə arasındakı əlaqələri möhkəmləndirməyəcək, həm də Mərkəzi Asiyadan Avropaya qədər uzanan geniş coğrafiyada iqtisadi əlaqələrin şaxələndirilməsinə töhfə verəcək.
“Bilavasitə Cənubi Qafqaz üçün nəqliyyat, enerji və rəqəmsal infrastrukturların inteqrasiyası regional iqtisadi münasibətlərin yenidən qurulmasına yol açır”, - deyə o əlavə edib.