18 avqust 2026 10:30
79

Ekran qarşısında itən zaman: “Rəqəmsal piylənmə”dən necə xilas olaq?

Gün ərzində sosial şəbəkələrdə məqsədsiz şəkildə “gəzmək”, qısa videolar izləyərkən birindən digərinə keçmək və bildirişləri müntəzəm olaraq yoxlamaq kimi davranışlar rəqəmsal istehlakı gündəlik həyatın ayrılmaz hissəsinə çevirib. Mütəxəssislər bu vəziyyəti “rəqəmsal piylənmə” adlandırırlar və həddindən artıq “məlumat kalorisi” qəbulunun diqqət, düşünmə və məlumatı emal etmə qabiliyyətinə təsir göstərə biləcəyini bildirirlər.

“Rəqəmsal piylənmə” insanın ehtiyacından daha çox və nəzarətsiz şəkildə rəqəmsal məzmun istehlak etməsi ilə xarakterizə olunur. Xüsusilə qısa və sürətli məzmunların davamlı izlənilməsi beyni fasiləsiz yeni stimullara məruz qoyur. Nəticədə uzun müddət diqqət tələb edən fəaliyyətlərə, dərin düşünməyə və mürəkkəb məlumatlar arasında əlaqə qurmağa maraq və dözümlülük azala bilər.

Türkiyənin Marmara Universitetinin müəllimi, həkim Haldun Narmanlıoğlu “rəqəmsal piylənmə”ni həddindən artıq informasiya istehlakının yaratdığı zehni yüklənmə ilə əlaqələndirir. Onun fikrincə, necə ki, artıq kalori orqanizmdə ağırlıq yaradırsa, həddindən artıq “məlumat kalorisi” də zehni fəaliyyətə təsir edə bilər. Mütəxəssis xüsusilə qısa videoların və sürətli sosial media məzmunlarının beynin mükafat mexanizmini stimullaşdırdığını və istifadəçini daha asan, sürətli məzmuna yönəltdiyini bildirir. Bununla belə, iş və ya təhsil məqsədilə müntəzəm olaraq ekran qarşısında olmaq avtomatik olaraq "rəqəmsal piylənmə" mənasını daşımır. Əsas məsələ cihazdan məqsədsiz və nəzarətsiz istifadədir.

Telefonu hər an yoxlamaq xəbərdarlıq siqnalıdır

Marmara Universitetinin tədqiqatçısı, həkim Oğuz Gülleb isə rəqəmsal piylənmənin həm fiziki, həm də psixoloji nəticələrinin ola biləcəyini qeyd edir. Uzun müddət ekran qarşısında fəaliyyətdə olmaq duruş pozuntusu, göz xəstəlikləri və yuxu çatışmazlığı ilə yanaşı, insanın telefonuna ehtiyac olmadığı halda belə onu yoxlamaq istəyini gücləndirə bilər. Xüsusilə gənclərin sosial media platformalarındakı sürətli məzmun istehlakına alışmasının diqqət və davranış vərdişlərinə təsir göstərə biləcəyi vurğulanır.

“Rəqəmsal pəhriz” necə olmalıdır?

Mütəxəssislər rəqəmsal istehlakı azaltmaq üçün ilk növbədə lazımsız bildirişlərin bağlanmasını, sosial media tətbiqlərinin əsas ekrandan uzaqlaşdırılmasını və yatarkən telefonun yataq otağından kənarda saxlanılmasını tövsiyə edirlər. Həmçinin səhər oyandıqdan sonra ilk 30 dəqiqəni ekrana baxmadan keçirmək, sosial mühitdə telefondan istifadəni azaltmaq və rəqəmsal məzmun əvəzinə real sosial fəaliyyətlərə daha çox vaxt ayırmaq tövsiyə olunur. Çünki problem texnologiyanın özündə deyil, insanın nə qədər, nə məqsədlə və hansı məzmunu istehlak etməsindədir.

Şahnigar Əhmədova, “İki sahil”