Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Azərbaycanın ölkədəki səfiri Faiq Quliyev ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan diplomatı yeni müdafiə attaşesi, polkovnik Arzu Həsənovu Gürcüstanın müdafiə nazirinə təqdim edib.
Görüşdə İrakli Çikovani regionun təhlükəsizliyinin təmin olunması baxımından Gürcüstan və Azərbaycan arasında mövcud strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
O, Cənubi Qafqazda sülhün, sabitliyin və uzunmüddətli inkişafın təmin olunmasında Gürcüstanın rolunu xüsusi qeyd edib.
Tərəflər, həmçinin müdafiə sahəsində ikitərəfli və üçtərəfli əməkdaşlıq formatları çərçivəsində nəzərdə tutulan məsələləri müzakirə ediblər.