14 avqust 2026 14:49
107

Qarabağ Universitetində beynəlmiləlləşmə: Əməkdaşlıqdan real akademik imkanlara

Rektor Şahin Bayramov: İstəyirik ki, tələbənin akademik dünyası Xankəndi ilə məhdudlaşmasın

Beynəlmiləlləşmə Qarabağ Universiteti üçün yalnız xarici ali təhsil müəssisələri ilə memorandumların sayının artırılması demək deyil.

Universitetin rektoru Şahin Bayramov “İki sahil”ə müsahibəsində bildirib ki, əsas məqsəd beynəlxalq əməkdaşlığı tələbə və müəllimlər üçün real akademik imkanlara çevirməkdir.

Rektor qeyd edib ki, 2025/2026-cı tədris ilində Qarabağ Universitetinin Türk Universitetlər Birliyinə – TÜRKÜNİB-ə üzv qəbul olunması bu istiqamətdə mühüm institusional addımlardan biri olub.

Onun sözlərinə görə, hazırda İstanbul Texniki Universiteti, Ankara Universiteti, Hacettepe Universiteti, Başkent Universiteti, Qazi Universiteti, İzmir Yüksək Texnologiya İnstitutu, Ankara Hacı Bayram Veli Universiteti, Əl-Farabi adına Qazax Milli Universiteti və digər ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurulub və inkişaf etdirilir.

Şahin Bayramov vurğulayıb ki, beynəlxalq əməkdaşlığın tələbələr üçün konkret nəticələrə çevrilməsi əsas prioritetlərdəndir. Bu baxımdan, 2026/2027-ci tədris ilində İstanbul Texniki Universiteti ilə 4 mühəndislik ixtisası üzrə beynəlxalq ikili diplom proqramlarının başlanması mühüm əhəmiyyət daşıyır.

Rektorun sözlərinə görə, bu proqramlarda iştirak edən tələbələr yalnız iki universitetin akademik imkanlarından yararlanmayacaq, eyni zamanda beynəlxalq akademik mühit, qabaqcıl mühəndislik təcrübəsi və qlobal əmək bazarına çıxış baxımından əlavə imkanlar əldə edəcəklər.

Bununla yanaşı, universitetdə ingilis dilində tədrisin genişləndirilməsi, akademik mobilliyin artırılması, xarici professorların universitetə cəlb olunması, eləcə də tələbələrin xarici ali təhsil müəssisələrində təhsil və tədqiqat imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Şahin Bayramov bildirib ki, məqsəd Qarabağ Universitetində təhsil alan tələbələr üçün həm yüksək keyfiyyətli təhsil, həm də geniş beynəlxalq akademik mühit formalaşdırmaqdır.

“Biz istəyirik ki, Qarabağ Universitetinə daxil olan tələbə Xankəndidə yüksək keyfiyyətli təhsil alsın, amma akademik dünyası Xankəndi ilə məhdudlaşmasın”, – deyə rektor vurğulayıb.

Yaqut Ağaşahqızı, “İki sahil”