13 avqust 2026 13:00
84

DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Dünya İqtisadi Forumunun (DİF) 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi çərçivəsində milli gündəliklərin formalaşdırılmasına həsr olunmuş onlayn görüşdə iştirak edib. Görüşdə şəbəkəyə daxil olan mərkəzlərin milli səviyyədə strateji təşəbbüslərin formalaşdırılmasına verdiyi töhfə və bu istiqamətdə uğurlu təcrübələr müzakirə olunub.

Fariz Cəfərov “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya” barədə məlumat verib. Bildirilib ki, strategiya biznes, cəmiyyət və dövlət sektorunda rəqəmsal transformasiyanın sürətləndirilməsinə, rəqəmsal bacarıqların inkişafına və məlumat əsaslı idarəetmənin gücləndirilməsinə yönəlib. Strategiya 9 prioritet istiqamət və 50 təşəbbüsü əhatə edir.

Azərbaycanda formalaşdırılan sənaye 4.0 ekosistemi, müəssisələrin texnoloji və yaşıl transformasiyasına dəstək, insan kapitalının inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində görülən işlər təqdim edilib. Qeyd olunub ki, strategiya çərçivəsində 2029-cu ilədək 300 müəssisənin rəqəmsal transformasiya proqramlarına qoşulması, 250 yeni sahəvi startapın yaradılması, 200 KOB-un rəqəmsal bazarlara çıxışının təmin edilməsi və 40 min vətəndaşın ixtisaslaşmış təlimlərə cəlb olunması hədəflənir.

Şəbəkəyə üzv olan 24 mərkəzin rəhbər şəxsləri, eləcə də DİF-in Qabaqcıl Texnologiyalar və İnnovasiya Mərkəzinin Strateji təsir üzrə rəhbəri Manju Georgenin qatıldığı görüşdə Azərbaycanla yanaşı, Ruanda və Malayziyanın 4-cü Sənaye İnqilabı mərkəzləri də öz təcrübələrini bölüşüblər. Görüş zamanı milli gündəliklərin formalaşdırılmasına effektiv töhfə, maraqlı tərəflərlə əməkdaşlıq, uğurlu yanaşmalar və mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.