İxrac idxalı böyük həcmdə üstələyir
Respublikamızın xarici ticarət coğrafiyasının genişlənməsi iqtisadi dayanıqlılığa müsbət təsir göstərən amillərdən biridir. Bu gün Azərbaycan 176 dövlətlə ticarət əlaqəsi qurub. Əsas ticarət tərəfdaşlarımız sırasında Çin, ABŞ, İtaliya, Türkiyə, Rusiya və Almaniya kimi böyük dövlətlərin bazarları yer alır. Məlumdur ki, ticarət tərəfdaşlarımızın şaxələnməsi Azərbaycanın hər hansı bir bazardan asılılığını azaltmaqla yanaşı, ixrac üçün əlavə imkanlar da yaradır.
2026-cı ilin ilk yarısında ölkənin xarici ticarətində diqqətçəkən məqamlardan biri müsbət dinamikanın qorunması və xüsusilə ixracın idxalı üstələməsinin əhəmiyyətli dərəcədə artması olub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hesabat dövründə respublikanın xarici ölkələrlə ticarət əməliyyatlarının həcmi 24 milyard 661 milyon ABŞ dollarına (ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çox) yüksəlib. Sözügedən dövrdə xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixrac, 8 milyard 341 milyon dollar isə idxal əməliyyatlarında qeydə alınıb.

Bu kimi müqayisələr isə göstərir ki, ötən ilin analoji dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi 24,4 milyard dollar, o cümlədən ixrac 12 milyard 878 milyon dollar, idxal isə 11 milyard 522 milyon dollar olub. Beləliklə, son bir ildə ixrac 26,7 faiz çoxalıb, idxal isə 27,6 faiz azalıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın son göstəricilərinə əsasən, 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz artaraq 1,8 milyard ABŞ dollarına çatıb. Təkcə iyun ayında qeyri-neft ixracı 18,2 faiz artaraq 382 milyon dollar təşkil edib. Eyni dövrdə ərzaq məhsullarının ixracı 19,4 faiz, qeyri-ərzaq məhsullarının ixracı isə 17,3 faiz yüksəlib
2026-cı ilin ilk yarısında kənd təsərrüfatı məhsullarının ixracı 23,9 faiz artaraq 564 milyon dollara, aqrar-sənaye məhsullarının ixracı isə 35,3 faiz yüksələrək 196 milyon dollara çatıb. Ümumilikdə aqrar və aqrar-sənaye məhsullarının ixracı 760 milyon dollar (əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,6 faiz çox) təşkil edib.
Bu göstəricilər kənd təsərrüfatında aparılan islahatların səmərəsini nümayiş etdirir. Müasir suvarma sistemlərinin tətbiqi, aqroparkların yaradılması, fermerlərin texnika ilə təmin olunması, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi və rəqəmsal kənd təsərrüfatı həlləri məhsuldarlığın yüksəlməsinə mühüm təsir göstərir.
Bir sözlə, 2026-cı ilin ilk yarısının nəticələri göstərir ki, Azərbaycan xarici ticarətdə artım tempini qorumaqla yanaşı, keyfiyyət baxımından da əlverişli struktur formalaşdırmağa nail olub. İxracın əhəmiyyətli artımı, idxalın azalması və nəticədə rekord səviyyəyə yaxınlaşan müsbət saldo ölkənin xarici iqtisadi mövqeyini gücləndirib. Burada bir məsələnin önəmini diqqətə almaq lazım gəlir. Yəni, «Made in Azerbaijan» brendi ilə bağlı qarşıya qoyulan hədəf daha çox məhsul ixrac etmək deyil. Burada əsas məqsəd daha rəqabətli, daha yüksək əlavə dəyər yaradan, dayanıqlı və gəlirli aqrar ixrac modeli formalaşdırmaqdır. Məhz bu yanaşma kənd təsərrüfatının uzunmüddətli inkişafını gerçəkləşdirməklə yanaşı, qeyri-neft sektorunun, ölkənin beynəlxalq iqtisadi mövqelərinin daha da güclənməsinə və ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir.
Bu gün mütəxəssislər belə qənaətdədirlər ki, “Made in Azerbaijan” brendi beynəlxalq standartlara (ISO, HACCP və s.) tam cavab verir. Məhz bunun nəticəsidir ki, indi yerli mallar Avropa İttifaqı ölkələrindən tutmuş Yaxın Şərq, Mərkəzi Asiya, Çin və Amerika Birləşmiş Ştatlarına qədər geniş bir coğrafiyada alıcıların rəğbətini qazanıb. Həmçinin, ölkə sahibkarlarının xarici bazarlara çıxışını asanlaşdırmaq üçün tətbiq olunan ixrac təşviqi və güzəştlər də istehsalçıları daha keyfiyyətli və rəqabətədavamlı məhsul istehsal etməyə sövq edir.
Elçin Zaman, “İki sahil”
Azərbaycan Qazaxıstanla Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılmasını müzakirə edib
Kartdan-karta köçürmələrə limit tətbiqi kiberdələduzluq riskini azalda biləcəkmi? - RƏY
Yelo Taksit kartında komissiyasız nağdlaşdırma və köçürmə kampaniyası uzadıldı!