02 avqust 2026 16:00
120

Fars: İran Hörmüz boğazını açmayacaq

İran Hörmüz boğazının açılmasına icazə verməyəcək və Tehranın guya Qətər vasitəçilərinin akvatoriyanın fəaliyyətinin bərpası ilə bağlı təklifini qəbul etməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir.

“İki sahil” xəbər verir ki, bu barədə Fars agentliyi İranın danışıqlar qrupundakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası ilə bağlı heç bir razılaşma əldə olunmayıb və bununla bağlı yayılan məlumatlar yalandır.

Agentliyin həmsöhbəti vurğulayıb ki, ABŞ "düşmənçilik hərəkətlərini davam etdirdiyi" müddətdə boğaz bağlı qalacaq.

Bundan əvvəl İsrailin N12 telekanalı ABŞ Prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan genişmiqyaslı zərbəni İranın xarici işlər naziri Abbas Əraqçinin Qətər vasitəçilərinin Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı kompromis təklifini qəbul etməsindən sonra ləğv etməyə razılaşdığını iddia etmişdi.