01 avqust 2026 22:23
103

Azərbaycan dili – milli sərvətimiz

Dil hər bir xalqın milli - mənəvi sərvətidir. Xalqın varlığını və kimliyini qoruyan əsas amillərdən biri onun ana dilidir. Azərbaycan xalqının da əsrlərdən süzülüb gələn, zəngin tarixə malik belə bir dəyəri vardır.

Azərbaycan dilinin dövlət dili kimi təsdiq edilməsində Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Sovet dövründə milli dillərə qarşı məhdudiyyətlərin olduğu bir şəraitdə Ulu Öndərin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi daxil edildi. Bu, ana dilimizin qorunması və inkişafı yolunda mühüm tarixi addım idi.

Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin yalnız dövlət sənədlərində deyil, bütün sahələrdə geniş istifadə olunmasına, inkişafına və zənginləşməsinə xüsusi diqqət göstərirdi. Onun təşəbbüsü ilə dilçi alimlərə dəstək verilir, ana dilində kitab və jurnalların nəşrinə imkan yaradılırdı.

Müstəqillik dövründə Azərbaycan dili 1995-ci ildə qəbul edilmiş Konstitusiyada dövlət dili kimi öz layiqli yerini tutdu. 2001-ci ildə isə Heydər Əliyevin fərmanı ilə hər il 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunmağa başladı. Bu qərar dilimizin və latın qrafikalı əlifbamızın qorunması və inkişafı istiqamətində mühüm hadisə oldu.

Bu gün Azərbaycan dili xalqımızın milli kimliyinin, tarixinin və dövlətçiliyinin əsas rəmzlərindən biridir. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər birimizin mənəvi borcudur.

Ülviyyə Ağayeva,
Milli Məclisin deputatı