“Dil dövlətin əsas atributlarından biridir, bəlkə də birincisidir,
təbii ki, bayraqla, qerblə, himnlə birlikdə”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Hər bir xalqın milli kimliyini, tarixi yaddaşını və mənəvi dəyərlərini yaşadan ən böyük sərvət onun dilidir. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın düşüncə tərzini, milli-mədəni irsini, dövlətçilik ənənələrini və mənəvi bütövlüyünü nəsildən-nəslə ötürən müqəddəs dəyərdir. Tarix sübut edir ki, ana dilini qoruyan xalqlar milli kimliyini qorumuş, milli kimliyini qoruyan xalqlar isə öz dövlətçiliyini yaşatmağı bacarmışdır. Azərbaycan xalqının keçdiyi şərəfli tarixi yol da bu həqiqətin ən parlaq nümunəsidir.
Ölkəmizdə hər il qeyd olunan 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü milli dilimizə ehtiramın, dövlət dilinə sədaqətin və milli-mənəvi dəyərlərimizə bağlılığın ifadəsidir. Bu əlamətdar gün bizi Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yoluna bir daha nəzər salmağa, onun qorunması və zənginləşdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətini dəyərləndirməyə, eyni zamanda müasir dövrdə qarşımızda duran yeni vəzifələr haqqında düşünməyə sövq edir.
Azərbaycan dilinin dövlət dili kimi möhkəmlənməsi, hüquqi statusunun təmin edilməsi və milli dövlətçilik ideologiyasının ayrılmaz tərkib hissəsinə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet ideologiyasının hökm sürdüyü mürəkkəb ictimai-siyasi şəraitdə Ulu Öndər ana dilinin qorunmasını milli varlığın qorunması kimi qiymətləndirərək 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə nail oldu. Bu, təkcə hüquqi qərar deyil, milli iradənin, dövlətçilik təfəkkürünün və gələcək müstəqilliyimizin ideoloji əsaslarının formalaşmasına xidmət edən tarixi hadisə idi.
Müstəqillik illərində də Heydər Əliyevin milli dil siyasəti ardıcıl şəkildə davam etdirildi. Latın qrafikalı Azərbaycan əlifbasına keçidin təmin olunması, 1 avqustun Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilməsi, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi ana dilimizin hüquqi əsaslarını daha da möhkəmləndirdi, onun dövlət idarəçiliyində, təhsildə, elmdə, mədəniyyətdə və ictimai həyatın bütün sahələrində tətbiqini genişləndirdi. Ulu Öndərin müəyyən etdiyi dil siyasəti milli dövlətçilik strategiyasının mühüm tərkib hissəsinə çevrildi.
Bu gün həmin siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin saflığının qorunması, dövlət dilinin tətbiqinin genişləndirilməsi, dilçilik elminin inkişafı, milli-mənəvi dəyərlərin yaşadılması və Azərbaycan dilinin beynəlxalq nüfuzunun artırılması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar, həyata keçirdiyi islahatlar, elm və təhsil sahəsinə göstərdiyi diqqət Azərbaycan dilinin yeni inkişaf mərhələsini şərtləndirmişdir.
Cənab Prezident İlham Əliyev müxtəlif çıxışlarında Azərbaycan dilinin dövlətçilik üçün müstəsna əhəmiyyətini xüsusi vurğulamışdır. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə səsləndirdiyi fikirlər isə bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Dövlət başçısı ana dilimizin saflığının qorunmasının, onun zənginliyinin gələcək nəsillərə olduğu kimi çatdırılmasının, alınma sözlərdən lüzumsuz istifadənin qarşısının alınmasının vacibliyini qeyd etmiş, dilə qayğını dövlətçiliyə, milli kimliyə və milli-mənəvi dəyərlərə sədaqətin ifadəsi kimi qiymətləndirmişdir.
Qloballaşma və rəqəmsal transformasiya şəraitində Azərbaycan dili qarşısında yeni vəzifələr meydana çıxır. Müasir dövr ana dilimizin yalnız qorunmasını deyil, həm də rəqəmsal mühitdə funksional imkanlarının genişləndirilməsini tələb edir. Elektron lüğətlərin hazırlanması, milli dil korpusunun zənginləşdirilməsi, terminologiyanın sistemli şəkildə inkişaf etdirilməsi, korpus və kompüter dilçiliyi istiqamətində tədqiqatların genişləndirilməsi, süni intellekt texnologiyalarında Azərbaycan dilinin imkanlarının artırılması günümüzün mühüm elmi prioritetlərindəndir.
Müasir türkologiya yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Rəqəmsal türkologiya türk dillərinin elektron resurslarının yaradılması, ortaq terminoloji bazaların formalaşdırılması, qədim yazılı abidələrin rəqəmsallaşdırılması, süni intellekt əsaslı dil texnologiyalarının hazırlanması və ümumtürk elmi məkanının daha da inteqrasiyası baxımından geniş perspektivlər açır. Bu istiqamət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə rəqəmsal inkişafın və rəqəmsal transformasiyanın sürətləndirilməsi ilə bağlı müəyyən etdiyi strateji dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir.
Dövlət başçısının bu strateji kursuna uyğun olaraq, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə 2026-cı il iyulun 1-də AMEA-nın Rəyasət Heyətində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində “Rəqəmsal Türkologiya” adlı panel iclasın keçirilməsi bu çağırışların elmi müstəvidə operativ şəkildə həyata keçirilməsinin bariz nümunəsi olmuşdur. Panel iclasında rəqəmsal texnologiyaların və süni intellektin türkologiyada tətbiqi, ortaq elektron resursların yaradılması, türk dillərinin rəqəmsal mühitdə inkişaf perspektivləri və bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri ön plana çəkilmişdir. Bu təşəbbüs türkologiya elminin müasir texnologiyalar əsasında inkişafına yeni impuls verməklə yanaşı, Azərbaycan türkologiyasının beynəlxalq elmi məkanda mövqeyinin daha da möhkəmlənməsinə və ümumtürk elmi inteqrasiyasının dərinləşməsinə mühüm töhfə verir.
Bu baxımdan AMEA Nəsimi adına Dilçilik İnstitutu qarşısında da mühüm vəzifələr dayanır. Fundamental dilçilik tədqiqatlarının müasir metodologiyalar əsasında inkişaf etdirilməsi, Azərbaycan dilinin elektron resurslarının zənginləşdirilməsi, korpus və kompüter dilçiliyi istiqamətlərinin genişləndirilməsi, rəqəmsal türkologiya üzrə araşdırmaların dərinləşdirilməsi milli dilçilik elminin gələcək inkişafının mühüm prioritetləri sırasında olmalıdır.
Azərbaycan Respublikasında 2026-cı ilin “Konstitusiya və Suverenlik İli” elan olunması milli dövlətçilik dəyərlərinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Konstitusiya dövlətimizin hüquqi əsaslarını müəyyən etdiyi kimi, dövlət dili də milli suverenliyimizin və milli kimliyimizin əsas dayaqlarından biridir. Bu baxımdan Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi dövlətçilik ənənələrinin yaşadılması, milli yaddaşın möhkəmləndirilməsi və gələcəyə inamla addımlayan Azərbaycanın daha da güclənməsi deməkdir.
Bu gün Azərbaycan dili zəngin tarixi keçmişi, müasir inkişaf dinamikası və gələcəyə yönəlmiş böyük perspektivləri ilə xalqımızın ən qiymətli milli sərvətlərindən biridir.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli dil siyasəti möhtərəm Cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirilir. Bu ardıcıl siyasət nəticəsində Azərbaycan dili dövlət idarəçiliyinin, elmin, təhsilin, mədəniyyətin, informasiya məkanının və rəqəmsal dünyanın güclü dillərindən birinə çevrilmək yolunda inamla irəliləyir.
Ana dilimizi qorumaq keçmişimizə ehtiram, bu günümüzə məsuliyyət və gələcəyimizə ən qiymətli töhfədir. Azərbaycan dilinin saflığını qorumaq, onun zəngin imkanlarını inkişaf etdirmək, elmi potensialını daha da genişləndirmək və gələcək nəsillərə milli sərvət kimi ötürmək hər birimizin vətəndaşlıq borcu, alim üçün isə həm də yüksək mənəvi məsuliyyətdir. Çünki Azərbaycan dilinin qüdrəti Azərbaycan dövlətinin qüdrətinin, milli kimliyimizin və suveren gələcəyimizin ən parlaq ifadəsidir.
AYNEL MƏŞƏDİYEVA,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi,
filologiya elmləri doktoru
“Gənc nəslin ana dilinə hörmət ruhunda yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edir”