31 iyul 2026 21:56
120

“Ali təhsil müəssisələrinin sərgisi” başa çatıb

Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda təşkil olunan “Ali təhsil müəssisələrinin sərgisi” başa çatıb.

Sərgidə ölkədə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin DİM, Tələbə Təhsil Krediti Fondu, “Abituriyent” jurnalı redaksiyası, “e-psixoloq.az” psixoloji dəstək platforması və “otk.az” onlayn sınaq imtahanı portalının nümayəndələri iştirak ediblər.

Üç gün davam edən sərgini iki mindən çox abituriyent və onların valideynləri ziyarət edib.

Sərginin son günündə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə tədbirə baş çəkərək ali təhsil müəssisələrinin, müxtəlif qurumların nümayəndələrinə və təşkilatçılara təşəkkürünü bildirib.

Sərginin keçirilməsində əsas məqsəd ixtisas seçimindən əvvəl abituriyentləri ali təhsil müəssisələrinin təhsil imkanları ilə yaxından tanış etmək, onların gələcək peşə və ixtisas seçiminə dəstək göstərmək olub.

Yaqut Ağaşahqızı, “İki sahil”