31 iyul 2026 20:23
123

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

AFFA tərəfindən yaradılan “APL Fantasy” layihəsinin rəsmi təqdimat mərasimi keçirilib. “Radisson Hotel”də təşkil olunan tədbirdə AFFA və Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi, əməkdaşları, Misli Premyer Liqasında çıxış edən klubların rəsmiləri, media nümayəndələri və qonaqlar iştirak ediblər.

“İki sahil” xəbər verir ki, tədbir “APL Fantasy” platformasına həsr olunmuş videoçarxın nümayişi ilə başlanıb.

Daha sonra çıxış edən AFFA-nın baş katibi Cahangir Fərəcullayev layihənin Azərbaycan çempionatına marağın artmasına töhfə verəcəyini vurğulayıb: “Azərbaycan futbolu üçün əlamətdar gündür. Premyer Liqamızı daha cəlbedici etmək üçün “APL Fantasy” platformasını təqdim edirik. AFFA-nın İnkişaf Strategiyasının bir parçası olan yeni məhsul uzun müddətdir azarkeşlər tərəfindən gözlənilirdi. İnanırıq ki, bu platforma çempionatımıza əlavə rəng qatacaq, azarkeşlərin oyunlara marağını daha da artıracaq”.

PFL-in texniki-idman direktoru Elgiz Abbasov isə öz növbəsində layihənin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib: “Futbol daim yenilənən idman növüdür. Bu yeniliklər Azərbaycan Premyer Liqasına da uyğunlaşdırılır. Bu gün təqdim olunan “APL Fantasy” azarkeşlərə öz komandalarını qurmaq imkanı yaradacaq. Layihənin həyata keçməsinə görə AFFA rəhbərliyinə və bu təşəbbüsü dəstəkləyən Premyer Liqa klublarına təşəkkürümüzü bildiririk”.

Ardından AFFA-nın əməkdaşı Ziya Əsgərov “APL Fantasy” platformasının funksionallığı, iştirak qaydaları və oyun mexanizmi barədə ətraflı məlumat verib.

Tədbirin sonunda Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümünə həsr olunan “Quiz” müsabiqəsi təşkil olunub və qalib AFFA tərəfindən mükafatlandırılıb.

"APL Fantasy" haqqında ətraflı məlumat əldə etmək və oyuna qoşulmaq üçün rəsmi platformadan istifadə edə bilərsiniz: https://aplfantasy.az/