1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan dili günüdür! Bu münasibətlə AMEA Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir MƏMMƏDLİ ilə ayaqüstü söhbət etdik!
Söhbətimizin mövzusunu özü müəyyənləşdirdi.
Nadir müəllim, deyirlər, dil də, söz də yeni dünyanın yeni möcüzəsidir. Nadir müəllim söhbətə Səməd Vurğunun bir misrası ilə başlayır: “Mən uşaq deyiləm, xeyli yaşım var, Bilirəm söz nədir, məhəbbət nədir”. Sonra R.Rzanın “Söz çıxıb çeyran dalına” fikrini ysada salır. Sonra da nədənsə, B.Vahabzadənin “Gözün dediyini dil deyə bilməz” aforizmini xatırladır.
Nadir müəllim, dildən başlayaq, çünki dil haqqında bu gün bir-birini təkrar edən taftoloji fikirlər baş alıb gedir. Dilin bu gün ayığ olan cəmiyyətdəki rolundan danışsan, yaxşı olar.
O danışır: Dil cəmiyyəti dəyişdirən ən güclü alətdir. O, düşüncələri formalaşdırır, milli-etnik mədəniyyəti yaşadır və sosial varlıqların dünyaya baxışını istiqamətləndirir:
Nəğmələrim gəzəcək dodağında bu dilin,
Pərvanədir xəyalım çırağında bu dilin
Dədə Qorqud torpağı sinəsindən bitirmiş,
Bar verəcək sözlərim budağında bu dilin. (Hüseyn Kürdoğlu)
Bəli, söz ürfan evidir. Öz sözlərimiz kimi, ögey sözlər bu torpaqlarda zamam-zaman doğmalaşıb, dilimizi zənginləşdirib:
Onun polad köksünü yad süngüsü deşmədi,
Ox dəydi, güllə dəydi, zirehindən keçmədi.
Neçə savaşa düşdü, fəqət əsir düşmədi,
Ögey söz doğmalaşdı torpağında bu dilin (Hüseyn Kürdoğlu)
Cəmiyyətin inkişafı və dəyişimi çox zaman sözlə başlayır. Ona görə ki, hər bir inqilab, dəyişmə sözlə diqtə olunur.
Nadir müəllim sözə bir neçə aspektdən yanaşır. “Söz nəzəriyyəsi”nə baş vurur: “ Söz öncə dilin ümumi əlamətini qoruyub saxlayır. Bir hadisə kimi çıxış edərək nitqimizi təşkil edir. Fəlsəfi aspektdə söz materiyanın adıdır, düşüncənin, mənanın və cəmiyyətin varlığa münasibətinin ifadəsidir. Söz insanın mənəvi dünyasını xarici dünyaya açır, bilik ötürür, milli-mənəvi dəyərlər yaradır və cəmiyyəti formalaşdırır. Maraqlıdır, söz dilin ümumişlək işarəsidir, cümlənin minimum potensialıdır”
Dilimizin sözləri düşüncəmizin ifadəsidir. Bu sözlər dərin məna daşıyır. Söz yaradıcılığa, istedada güc verir. Nəhayət, söz məsuliyyətdir. Bu o deməkdir ki, deyilən hər söz sosial münasibətlərə, çıxarılan qərarlara və bugünkü həyat və fəaliyyətimizə öz təsirini göstərir. Söz düşüncənin gercəkləşdiyi və insanlar üçün ən vacib kommunikasiya vasitəsi olan dil vahididir.
Poetik aspektdə dil insan talelərinə yazılan ilk misradır:
Dara düşsə, təngisə yolunda qurban ollam,
Hər yaralı sözünə mən özüm loğman ollam
Arzuları gül açan bəxtiyar insan ollam,
Mənim də adım olsa bayrağında bu dilin. (Hüseyn Kürdoğlu)
Nadir müəllimin fikrincə, söz ürəklərə yol tapmalıdır. Mənalı və məzmunlu söz səmimiyyətdən keçməlidir, həqiqətdə dayanmalı və mərhəmətdə özünə yuva qurmalıdır.
Mən Nadir müəllimin fikirlərinə şərik oluram: Sözdə düşüncənin bütün pillələrinə xidmət göstərmək bacarığı var. Harda insan var, orda söz mövcuddur. Bu sözün qəribəliklə dolu olan xarakteridir. Biz sözlə bir-birimizi tanıyırıq. Söz zamanı yaşadır. Söz kollektiv, sosial yaddaş daşıyıcısıdır. Söz dünyanın virtual mənzərəsidir. Söz mücərrəd deyil, gercək yaddaşdır. Sözlər bir-birinə qovuşub söyləm, söz düzümünü əmələ gətirir və yaddaşın obrazına çevrilir. Söz nitq prosesində konturlaşdırılmış düşüncələri ifadə edir.
Söz həmişə ürəkdən gəlməlidir. Bizim kəndin şairi Sərdar Əsəd demişkən, ”Ürəkdən gəlməyən söz Ürəkləri incidir”. Biz söz deməyin yöndəmini yaxşı bilməliyik.
Nadir müəllim söhbət əsnasında dedi ki, “mütləq fakt ondan ibarətdir ki, söz ustalarımızın hazırladığı belə mənəvi sərvətlər xalqın indiki vaxtda əqli-hissi istifadəsinə yarayır, eyni zamanda ədəbi ünsiyyətin kütləviləşməsinə öz təsirini göstərir”
Hər birimizdə yüksək dil və nitq mədəniyyəti olmalıdır. Bu düşüncənin içində xalq dilinə təmas, ədəbi normaya hörmət, güclü emosional-obrazlı təfəkkür faktları çulğalaşır, danışığımız həm məzmun kəsəri, həm ədəbilik əndazəsi, həm də bədiilik lətafəti kimi örnək olmalıdır.
Mən bilən, tarixən hər zaman gözəl dilimizin bədii semantikasını dərk etmək üçün ümumtürk dil və düşüncə konteksti mühüm rol oynayıb. Nümunə olaraq, XIII əsrin türk şairi Yunis İmrənin təşbeh və mübaliğələrinə nəzər salaq:
Sirat qıldan incədir,
Qılıncdan kəskincədir.
Varıb onun üstünə
Evlər yapasım gəlir.
Sirat əl-nüstəqim- xalq buna “qıl körpü” deyir. Üstündə ev tikmək deyimindəki ustalıq xalq şeirimizdən bizə bəllidir. Bizcə, bu fikir doğmalıq və genoloji düşüncə uyğunluğu deməkdir. Dil və anlaşma tərəfi də göz qabağındadır.
Bu günümüz mübarək, Dilçilik İnstitutunun əməkdaşları!