31 iyul 2026 16:50
101

Çolpon-Atadan verilən siyasi və strateji mesaj

İyulun 30-da Qırğızıstanın Çolpon-Ata şəhərində yerləşən "Issyk-Kul Golf Resort" kompleksində Qolf Klubunun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birlikdə iştirakı ilk baxışda idman və turizm sahəsində keçirilən tədbir kimi görünsə də, əslində daha geniş geosiyasi və diplomatik məna daşıyır. 

Müasir beynəlxalq münasibətlər sistemində dövlət başçılarının rəsmi danışıqlarla yanaşı, qeyri-rəsmi mühitdə bir araya gəlməsi etimadın möhkəmləndirilməsi, qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və uzunmüddətli tərəfdaşlığın formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Dünyada buna "qolf diplomatiyası" və ya "yumşaq diplomatiya" elementlərindən biri kimi yanaşılır. Belə formatlarda aparılan ünsiyyət çox zaman rəsmi protokolun imkan vermədiyi səmimi fikir mübadiləsinə və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə şərait yaradır.
Azərbaycan Prezidentinin Mərkəzi Asiyanın üç dövlət başçısı ilə birlikdə bu tədbirdə iştirakı son illərdə Türk dünyasında və ümumilikdə Mərkəzi Asiya regionunda formalaşan yeni əməkdaşlıq mühitinin təbii davamı kimi qiymətləndirilə bilər. Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, Xəzər hövzəsi ilə Mərkəzi Asiyanı birləşdirən əsas siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən biridir. Bu baxımdan Çolpon-Atada nümayiş etdirilən birlik region dövlətlərinin ortaq maraqlar ətrafında daha sıx koordinasiya etdiyini göstərən mühüm siyasi mesajdır.

Son illər Azərbaycan ilə Qırğızıstan, Özbəkistan və Tacikistan arasında münasibətlər nəzərəçarpacaq dərəcədə inkişaf edib. Ticarət dövriyyəsinin genişlənməsi, nəqliyyat və logistika layihələri, yaşıl enerji təşəbbüsləri, investisiyalar, humanitar və mədəni əlaqələr bu əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Xüsusilə Orta Dəhlizin inkişafı fonunda Azərbaycan ilə Mərkəzi Asiya ölkələrinin koordinasiyası strateji əhəmiyyət qazanıb. Bu baxımdan liderlərin eyni platformada görünməsi ortaq layihələrin davamlılığının nümayişi kimi də qəbul edilir.
Diqqət çəkən digər məqam tədbirin məhz İssık-Kul kimi beynəlxalq turizm mərkəzində keçirilməsidir. Bu, region dövlətlərinin yalnız iqtisadi və siyasi əməkdaşlığı deyil, həm də turizm, idman və xidmət sektorunda inteqrasiyanı genişləndirmək niyyətini nümayiş etdirir. Müasir dünyada belə layihələr ölkələrin investisiya cəlbediciliyinin artırılması, beynəlxalq imicinin möhkəmləndirilməsi və yeni iqtisadi imkanların yaradılması baxımından da mühüm rol oynayır.
Azərbaycanın bu proseslərdə fəal iştirak etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət strategiyasının uğurlu nəticələrindən biridir. Rəsmi Bakı həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də Mərkəzi Asiya ölkələri ilə ikitərəfli münasibətlərdə etibarlı tərəfdaş kimi qəbul edilir. Qarşılıqlı etimadın yüksək səviyyədə olması dövlət başçılarının həm rəsmi, həm də qeyri-rəsmi platformalarda birlik nümayiş etdirməsinə imkan yaradır.
Çolpon-Atadakı tədbir onu da göstərir ki, region ölkələri münasibətlərini yalnız siyasi bəyanatlarla deyil, insanlar arasında təmasları, iqtisadi əlaqələri və ortaq layihələri genişləndirən təşəbbüslərlə də möhkəmləndirməyə çalışırlar. Bu isə uzunmüddətli perspektivdə Mərkəzi Asiyada sabitliyin, qarşılıqlı etimadın və regional inteqrasiyanın güclənməsinə xidmət edir.
Bir daha qeyd etmək yerinə düşər ki,  "Issyk-Kul Golf Resort" kompleksində Qolf Klubunun açılışı sadəcə idman obyektinin istifadəyə verilməsi deyil, region dövlətləri arasında artan etimadın, strateji tərəfdaşlığın və yeni əməkdaşlıq mərhələsinin rəmzi kimi qiymətlidir.  Prezident İlham Əliyevin bu tədbirdə Mərkəzi Asiyanın aparıcı liderləri ilə birlikdə iştirakı Azərbaycanın regionun siyasi və iqtisadi gündəliyində artan rolunu, Türk dünyasında inteqrasiyanın dərinləşməsinə verdiyi töhfəni və ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndiyini bir daha nümayiş etdirir.

Jalə Əliyeva,
Millət vəkili,
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri
komitəsinin sədr müavini