Bakı Slavyan Universiteti (BSU) Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisinin ikinci günündə də abituriyentlərlə görüşlərini davam etdirir.
“İki sahil” xəbər verir ki, BSU-nun stendi gün ərzində abituriyent və valideynlərin marağına səbəb olub. Universitet nümayəndələri iştirakçılara ixtisaslar, qəbul prosesi, beynəlxalq imkanlar, təqaüd proqramları, tələbə həyatı və universitetin təhsil mühiti barədə ətraflı məlumat verərək onların suallarını cavablandırıblar.

Sərgi abituriyentlər üçün düzgün ixtisas və universitet seçiminə dəstək olmaqla yanaşı, Bakı Slavyan Universitetinin təqdim etdiyi geniş təhsil imkanları ilə yaxından tanış olmaq üçün də əlverişli platformadır.
Ali təhsil müəssisələrinin sərgisi sabah da ziyarətçilər üçün açıq olacaq.
Qeyd edək ki, iyulun 29-da Bakı Slavyan Universiteti (BSU) Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində təmsil olunur. Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.
Sərgi çərçivəsində abituriyentlər BSU-nun nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, tədris proqramı, maddi-texniki baza, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edirlər. Sərgidə, həmçinin, ali təhsil müəssisələrinin qəbul şərtləri, elmi-metodiki bazası və digər imkanları təqdimatlarla nümayiş olunur.
Qeyd edək ki, sərgi 3 gün davam edəcək.