30 iyul 2026 12:02
106

Vasitəçilər ABŞ və İran arasında son zərbələrdən sonra atəşkəsə nail olmağa çalışırlar

Yaxın Şərqdəki vasitəçi dövlətlər iyulun 28-dən 29-na keçən gecə baş verən növbəti hava zərbələri dalğasından sonra ABŞ və İran arasında atəşkəs üzrə danışıqların bərpasına nail olmağa çalışırlar.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla "Associated Press" agentliyi məlumat yayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniya ərazisində yerləşən ABŞ aviasiya bazasına və orada yerləşən ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) qərargahına ballistik raketlərlə hücum etdiyini bildirmişdi. Cavab olaraq ABŞ Prezidenti Donald Tramp İran ərazisinə şiddətli zərbələr endirmək niyyətində olduğunu bəyan etmişdi. CENTCOM-un məlumatına görə, SEPAH-ın komanda məntəqələri də daxil olmaqla onlarla hərbi obyekti vurulub.

Mövcud gərginliyə baxmayaraq, regiondakı vasitəçilər tərəfləri yenidən danışıqlar masasına qaytarmağa çalışırlar. Məsələdən xəbərdar olan regional rəsmilərin sözlərinə görə, vasitəçilər hələ də vəziyyəti sabitləşdirmək və müvəqqəti atəşkəs rejimini bərpa etmək üçün hər iki tərəflə təmasları davam etdirirlər.

Eyni zamanda, «The Wall Street Journal» qəzeti amerikalı məlumata istinadən qeyd edib ki, ABŞ-ın endirdiyi son zərbələr İslam Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyatların tam bərpası anlamını daşımır.