29 iyul 2026 19:17
112

Qarabağ və Şərqi Zəngəzur təkcə sürətli məskunlaşma ünvanı deyil…

Həm də dünyanı heyran edən innovativ inkişaf məkanıdır

Bu gün Azərbaycan dövlətinin qarşısında duran mühüm vəzifələrdən  biri  də Qarabağ və Şərqi Zəngəzurda  bərpa -quruculuq işlərini sürətləndirməklə keçmiş məcburi köçkünləri öz doğma torpaqlarına qovuşdurmaqdır. Təbii ki, bu, erməni vandaliziminin 30 illik işğalı nəticəsində yurdlarımıza vurduğu ağır yaraların tezliklə sağalması deməkdir.

Xatırladaq ki, postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə tikinti-quraşdırma işlərinə on milyardlarla manat xərclənib. Yəni,  2020-ci ildən 2026-cı ilə qədər azad edilmiş ərazilərin bərpası üçün 25 milyard manatdan çox vəsait ayrılıb. Bunun da 3,5 milyard manatı 2026-cı il büdcəsində nəzərdə tutulub. Dövlət rəsmilərinin sözlərinə görə, bu vəsaitlərin əksəriyyəti orta və uzunmüddətli perspektivdə iqtisadiyyat üçün əhəmiyyətli əlavə dəyər yaradacaq infrastruktur layihələrinə yönəldilir.

Artıq həmin ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2026-cı ilin ilk yarısında 1 milyard 64,1 milyon manat vəsait istifadə olunub.  Həmin vəsaitin 974,1 milyon manatı infrastruktur təyinatlı layihələrin - avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 489,3 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 371,1 milyon manat, turizm infrastrukturunun yaradılması üçün 67,6 milyon manat, Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolunun layihələndirilməsi və tikintisi üçün 15,9 milyon manat, işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin elektrik təchizatı ilə təmin olunması üçün 15,3 milyon manat, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsinə 7,6 milyon manat, sənaye parklarının fəaliyyətinin təşkili və onların ərazisində infrastrukturun yaradılmasına 7,3 milyon manat xərclənmişdir. Bunlardan əlavə, 29,8 milyon manat  səhiyyə və mədəniyyətyönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 45,3 milyon manat ərazilərin minalardan təmizlənməsinə, 14,9 milyon manat isə müdafiə və hüquq-mühafizə təyinatlı obyektlərin tikintisi və təmiri tədbirləri üzrə xərclərə yönəldilib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təkcə əhalinin məskunlaşması ilə kifayətlənməyən Azərbaycan dövləti, eyni zamanda, burada onların məşğulluğunu yüksək səviyyədə təmin etmək üçün iqtisadiyyatı da geniş şəkildə inkişaf etdirir. Yəni, paralel olaraq regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına tam reinteqrasiyası və dayanıqlı məşğulluğun təmin edilməsi əsas prioritetlər sırasındadır. Bu məqsədlə Ağdam şəhərində Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə «Araz Vadisi İqtisadi Zonası» Sənaye Parkı yaradılıb. Burada icra olunan  «ağıllı kənd» və «ağıllı şəhər» layihələri də dünyanın heyranlıqla  diqqətlə izlədiyi tikinti -quruculuq işləridir.

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər tətbiq olunur. Belə ki, parkların rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla-qaz, elektrik enerjisi, su, kanalizasiya, fiber-optik rabitə, daxili avtomobil və dəmir yolu xətləri ilə təmin edilirlər. Bundan əlavə, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və gəlir vergilərindən, istehsal məqsədli texnika və texnoloji avadanlıqların idxalı zamanı isə əlavə dəyər vergisi (ƏDV) və gömrük rüsumlarından azad olunurlar.

Eyni zamanda, Qarabağda və Şərqi Zəngəzurda yerləşən sənaye parkları üzrə əlavə üstünlüklər də mövcuddur:Belə ki, burada 90 faizə qədər dövlət zəmanəti və 10 faiz subsidiya ilə güzəştli bank kreditləri, kommunal ödənişlərə 20  faizlik keşbek, dividend gəlirlərinin vergidən azad edilməsi, sosial sığorta haqları üzrə dövlət subsidiyası, mənfəət və kapitalın repatriasiyasının tam vergisiz həyata keçirilir. Bundan başqa, Nazirlər Kabinetinin müəyyən etdiyi siyahı üzrə xammal idxalında ƏDV və gömrük güzəştləri lə mövcuddur.

Təbii ki, həmin güzəştlər sahibkarlara və məcburi köçkünlərə ciddi iqtisadi dəstək deməkdir. Yəni, bu, bir tərəfdən Qarabağ və Şərqi Zəngəzurda əhalinin məskunlaşmasını və iqtisadi reinteqrasiyanı sürətləndirir, digər tərəfdən isə işğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artıraraq sahibkarlıq mühitini daha da canlandırır.

Həmçinin Prezident İlham Əliyevin yeni Fərmanına əsasən, məcburi köçkünlərə verilən mənzillər ödənişsiz özəlləşdiriləcək və onlara ayrılan müavinətlərin verilməsi müddəti  daha 3 il də uzadılacaqdır. Görülən işlərin nəticəsi olaraq doğma yurddan didərgin düşən soydaşlarımız da öz el-obalarına qayıdırlar. Bu gün artıq Qarabağda və Şərqi Zəngəzurda təxminən 90 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

Bütün bu layihələrin əsas məqsədi Böyük Qayıdışın dayanıqlılığını təmin etmək, insanların doğma yurdlarında təhlükəsiz, rahat və uzunmüddətli yaşayışı üçün müasir sosial-iqtisadi mühit formalaşdırmaqdır. Beləliklə, Qarabağ və Şərqi Zəngəzur təkcə yenidən qurulan bölgə deyil, Azərbaycanın gələcəyini əks etdirən innovativ inkişaf məkanına çevrilir.

Dövlətimiz artıq növbəti mərhələ üçün də strateji planlaşdırmaya başlayıb. Prezidentin Sərəncamına əsasən, 2027–2030-cu illəri əhatə edəcək Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanır. Bu proqram çərçivəsində daha on minlərlə vətəndaşın doğma torpaqlarına qayıdışı nəzərdə tutulur.

Elçin Zaman, «İki sahil»