29 iyul 2026 19:48
91

İşğalçılıq və soyqırım nə vaxtdan siyasi fəaliyyət hesab olunub?

ABŞ Senatında və Konqresində dostlarımız olduğu kimi, düşmənlərimiz də var. Onlardan ikisi iç üzlərini özləri açıblar. Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast və konqresmen Bred Şerman özlərindən əvvəlki sələflərinin yaratdıqları yaramaz ənənəni davam etdirmək üçün dəridən-qabıqdan çıxırlar. Onlar heç bir əsas olmadan Azərbaycana qarşı şər-böhtan kampaniyasına başlayıblar. Yeni kampaniyada yeni heç nə yoxdur, hamısı əvvəlkilərin eynidir. Senator Robert Menendesin əyri əməllərini davam etdirirlər. Bu, o Menendesdir ki, korrupsiya və rüşvətə qurşandığına görə 11 illik həbs cəzasına məhkum olunub. Mast və Şerman Robertin şərəfsiz əməllərindən dərs çıxarmayıblar. Eyni ssenarini, eyni yalanları və qarayaxmaları ondan “estafet” kimi qəbul edənlər indi utanmadan bu “ənənəni” davam etdirirlər.

Brayan və Bredin canfəşanlıqla müdafiə etdikləri davakar erməni separatçılar Qarabağda təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücum etmə, soyqırım, əhalini məhvetmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarına əməl etməmə, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq və terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, dövlət xadiminin və ictimai xadimin həyatına sui-qəsd etmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma və başqa maddələrlə təqsirli biliniblər. Hələ işğal zonasında təbii sərvətləri talan edib aparmağı demirik. Bakıda həbsxana həyatı yaşayan Qarabağ qatilləri bu əməllərin hamısını törədiblər və haqlı olaraq cəzalandırılıblar.

Göründüyü kimi, “beynəlxalq qanun” mühafizəçiləri sırf cinayətkarları, talançıları, minlərlə insanın qanını axıdanları və ən vəhşi cinayətkarları müdafiə etməyə qalxıblar. Görəsən terrorçuları müdafiə edənlərin heç olmasa Xocalı, Ağdaban, Qaradağlı, Meşəli, Cəmilli faciələrindən də xəbərləri yoxdur? Əlbəttə, var. Ancaq Azərbaycana düşmənçilik, ermənipərəstlik, dini təəssübkeşlik həqiqətləri görməyə mane olur. Onlar Azərbaycan torpaqlarında saysız vəhşiliklər törətmiş cinayətkarları “hərbi əsir” və “siyasi dustaq” adlandırırlar. Azərbaycan müharibə canilərinin cinayətlərini sübut edib, qoy Brayan və Bred onların yalnız siyasi fəaliyyətlə məşğul olduqlarını sübut etsinlər. Edə bilməzlər. Axı, torpaq işğal etmək, qırğınlar törətmək, baş kəsmək nə vaxtdan siyasi fəaliyyət sayılıb?

İndi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast və konqresmen Bred Şerman bu "düzəliş"lə separatçılığı, terrorçuluğu da himayə edir, başqa dövlətin ərazində onun xalqına qarşı kütləvi qırğınlar törətmiş, talançılıq etmiş cinayətkarlara haqq qazandırırlar. Xatırladaq ki, qanun layihəsinin müəllifi, sabiq konqresmen Robert Menendesin siyasi xəttinin davamçısı konqresmen Bred Şerman erməni lobbi qrupları ilə bağlı olan və ardıcıl surətdə onların siyasi gündəliyini həyata keçirməyə çalışan bir şəxs kimi tanınır. Onların çirkin əməlləri Menendesin niyyətləri ilə səsləşən eyni dəst-xətdir.

Onlar nəyin xatirinə haqsızlara və canilərə mələk donu geyindirmək istəyirlər? Şübhəsiz, sualın cavabını özləri daha yaxşı bilirlər.

Tərtib etdikləri bu kimi "sənədlər" ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinə, Prezident Donald Trampın və ümumilikdə Birləşmiş Ştatların Cənubi Qafqaz siyasətinə də zərbə vura bilər. Görəsən Brayan və Bred dövlətin xarici siyasətinə zərbə vurduqlarının fərqindədirlərmi?  Prezident Trampın Azərbaycana və onun Liderinə xoş münasibəti bu iki vəzifəli şəxsi niyə narahar edir? Dövlətin siyasətinə qarşı çıxmağın arxasında nə dayanır, insanlıqla bir araya sığmayan cinayətlər törədən on-on beş qatili müdafiə etməyin adı nədir? Ancaq bilmirlər ki, “haqq nazilər, amma üzülməz.” Nəhayət, bir gün onların da ədalətsiz hərəkətləri ifşa ediləcək və cavab verməli olacaqlar.

Təəccüb doğuran burasıdır ki, konqremenlərin belə "çağırışı"nın rəsmi İrəvanı nə dərəcədə qane edib-etmədiyi məlum deyil. Çünki indiyədək Ermənistan hakimiyyəti bu tip çağırışlara birmənalı şəkildə rədd cavabı verməyərək susqunluq nümayiş etdirib. Əlinin biri burada, o biri orada olan bic ermənilərin mübhəm sükutu nə vaxtadək davam edəcək? Belə davranışın ermənilərə xeyir gətirəcəyinə inanırlarsa, kökündən səhv edirlər. Xatircəm olsunlar ki, hərbi, siyasi və iqtisadi sahələrdə Azərbaycan Ermənistandan müqayisəyəgəlməz dərəcədə güclüdür. Daha bunun nəticəsinin nə demək olduğunu qanmağa nə var ki?

Vəli İlyasov, “İki sahil”