İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi görüşdə Tel-Əvivin Vaşinqtonun müraciəti olmadan İrana qarşı öz təşəbbüsü ilə hərbi zərbələr endirməyəcəyini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə «Associated Press» agentliyi İsrail mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Netanyahu görüş zamanı vurğulayıb ki, İran tərəfindən hər hansı hücum olacağı təqdirdə İsrail cavab zərbəsi endirmək hüququnu özündə saxlayır. Baş nazir həmçinin ABŞ liderinə İsrailin İranla bağlı yeni kəşfiyyat məlumatlarını Vaşinqtona ötürməyə davam edəcəyini diqqətə çatdırıb.
Netanyahu Vaşinqtonun İranla münaqişədə ABŞ-ın Yaxın Şərqdəki ərəb müttəfiqlərinin də mövqeyini nəzərə almaq məcburiyyətində olduğunu anladıqlarını qeyd edib. O, ABŞ Prezidentini əmin edib ki, İsrail İran məsələsində Vaşinqtona tam etibar edir və Trampın qəbul edəcəyi hər bir qərarı dəstəkləyəcək.
Bununla belə, görüşdən əvvəl «Al-Monitor» portalı mənbələrə istinadən xəbər vermişdi ki, İsrail Baş naziri Trampa İranın sənaye obyektlərinə, körpülərinə və dəmir yolu infrastrukturlarına yeni zərbələrin endirilməsi planlarını təqdim etməyi nəzərdə tuturdu.