İtaliya parlamentinin aşağı palatası olan Deputatlar Palatasına Ukraynaya hərbi yardımın və silah tədarükünün tamamilə dayandırılmasını nəzərdə tutan yeni qətnamə layihəsi təqdim olunub. Təşəbbüslə ölkənin müxalif «Milli Gələcək» (Futuro Nazionale) partiyası çıxış edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Partiya nümayəndələri rəsmi bəyanatlarında bildiriblər ki, illərdir davam edən hərbi dəstək strategiyası gözlənilən sülhü gətirməyib. Əksinə, münaqişənin uzanmasına, İtaliyanın maliyyə xərclərinin kəskin artmasına və diplomatik danışıqlar imkanlarının uzaqlaşmasına səbəb olub.
«Milli Gələcək» partiyası İtaliya hökumətini ölkə resurslarını daxili sosial-iqtisadi problemlərin həllinə yönəltməyə çağırıb. Qətnamə müəlliflərinin fikrincə, ayrılan vəsaitlər ilk növbədə aşağıdakı sahələrə sərf edilməlidir: İtalyan ailələrinə sosial dəstək; Yerli biznes və sahibkarlığa yardım; Səhiyyə sisteminin inkişafı; Dövlət sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi.
Sənəddə həmçinin Romanın tərəflər arasında sülh danışıqlarının təşkilində və diplomatik təşəbbüslərdə daha fəal rol oynamasının vacibliyi vurğulanır.