27 iyul 2026 23:39
109

"Suriya Demokratik Qüvvələri"nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

"Suriya Demokratik Qüvvələri"nin (SDQ) tərkibindəki birləşmələrin buraxılması və onların on ildən artıq müddət ərzində nəzarət etdikləri ərazilərdə yaratdıqları özünüidarəetmə sisteminin ləğvi barədə rəsmi elan yaxın vaxtlarda gözlənilir

“İki sahil” xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı Suriya hökumətinə yaxın mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, açıqlama avqustun əvvəlində keçirilməsi planlaşdırılan mətbuat konfransında verilə bilər.

Mənbənin məlumatına görə, rəsmilər, çox güman ki, həm dövlət, həm də media tərəfindən işıqlandırılacaq mətbuat konfransında SDQ-nin buraxılmasını elan edəcəklər. Tədbirin avqustun əvvəlində baş tutacağı gözlənilir, lakin hazırlıqlar davam etdiyindən son tarix hələ müəyyən edilməyib.

Mənbə qeyd edib ki, mətbuat konfransının vaxtı Hasəkə əyaləti və ətraf ərazilərdə inzibati təyinatların başa çatmasından asılıdır, çünki bu ərazilərdə əksər rayon və regional rəhbərlər bu yaxınlarda təyin olunub.

Bundan əlavə, rəsmi açıqlama müəyyən şəxslərin Tel Abyad və Ras əl-Ayn ərazilərinə qayıtması məsələsi həll olunana qədər təxirə salına bilər. Mənbənin sözlərinə görə, bu, SDQ və yerli hakimiyyət orqanları tərəfindən irəli sürülən şərtdir.

Bazar günü Suriya Prezidenti Əhməd Əl Şaraa "Al Jazeera"yə verdiyi açıqlamada SDQ tərəfi ilə razılaşmanın həyata keçirilməsinin gözləniləndən daha yavaş getdiyini, lakin onun uğurlu həyata keçiriləcəyinə əminliyini bildirib.