27 iyul 2026 22:35
111

BMT: Ukraynada müharibə başlayandan bəri 16 mindən çox mülki şəxsin ölümü təsdiqlənib

İyulun əvvəlindən bəri Rusiyanın Ukraynaya hava hücumları nəticəsində 170-dən çox mülki şəxs həlak olub, daha 1028 nəfər yaralanıb, hərbi əməliyyatların şiddətlənməsi isə qlobal ərzaq təhlükəsizliyi üçün ciddi təhdidə çevrilir.

“İki sahil” “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə BMT-nin Siyasi məsələlər departamentinin rəhbəri Kayoko Qoto bazar ertəsi Təhlükəsizlik Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, yaşayış binaları, uşaq meydançaları, yanacaqdoldurma stansiyaları, bazarlar və logistika anbarlarına zərbələr endirilir, Kiyev daim atəşə tutulur. Təkcə iyul ayında Ukrayna paytaxtında ən azı 56 mülki şəxs həlak olub, daha 232 nəfər yaralanıb.

O, həmçinin Donetsk, Xarkov, Sumı, Xerson, Dnepropetrovsk və Zaporojye vilayətlərinin cəbhə bölgələrinə idarə olunan bombalardan istifadə edərək gündəlik hücumlara diqqət çəkib: “Ümumilikdə, müharibə başlayandan bəri 803 uşaq da daxil olmaqla 16 min 141 mülki şəxsin ölümü, 2960 uşaq da daxil olmaqla 48 min 613 nəfərin yaralandığı təsdiqlənib”.

K.Qoto həmçinin Ukraynanın digər bölgələrində mülki şəxslər arasında qurbanlardan bəhs edib. “Bu hücumlar qəbuledilməzdir, əsassızdır və dərhal dayandırılmalıdır. BMT bu cür hücumları harada baş verməsindən asılı olmayaraq daim və birmənalı şəkildə pisləyir”, - deyə BMT Departamentinin rəhbəri vurğulayıb.

Onun fikrincə, Rusiyanın Qara dəniz limanlarına və ticarət gəmilərinə yeni hücum dalğası qlobal ərzaq təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. Odessa, Çernomorsk, Yujnı, İzmail və Nikolaev limanları sistematik hücumlara məruz qalır, bu ay isə mülki gəmilərə altıdan çox hücum qeydə alınıb ki, nəticədə 44 heyət üzvü ölüb və ya yaralanıb.

BMT-nin Ticarət və İnkişaf Konfransının məlumatları göstərir ki, ayın əvvəlindən bəri qlobal buğda qiymətləri 20 faiz artaraq 2024-cü ilin mart ayından bəri ən yüksək səviyyəyə çatıb.

K.Qoto həmçinin Zaporojye Atom Elektrik Stansiyasındakı vəziyyətdən narahatlığını ifadə edib. O xatırladıb ki, iyulun 15-də MAQATE müharibənin əvvəlindən bəri stansiyanın xarici enerji təchizatının 22-ci dəfə tam itirilməsini bildirib, təkcə son üç ayda isə 10 belə hadisə baş verib.

BMT nümayəndəsi tərəfləri diplomatik səyləri bərpa etməyə çağırıb: “Bu təhlükəli eskalasiya spiralının davam etməsinə imkan verməməliyik. Bütün iştirak edən tərəfləri deeskalasiyaya və dərhal, tam və qeyd-şərtsiz atəşkəsə nail olmağa yönəlmiş dialoqu və hərtərəfli danışıqları bərpa etməyə çağırırıq”.