22 iyul 2026 09:30
120

Doğru vakansiyanı tapmaq daha asan olacaq?

Ekspert: Süni intellektin məşğulluq sahəsində tətbiqi struktur işsizliyin azaldılmasına müsbət təsir göstərə biləcək perspektivli istiqamətlərdən biridir

Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı" əmək bazarında rəqəmsal transformasiyanın yeni mərhələsini nəzərdə tutur. Sənəddə işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi prosesində süni intellektə əsaslanan xidmətlərin yaradılması, eləcə də bu xidmətlərdən istifadə edən vətəndaşların sayının artırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.

Tədbirlər Planına əsasən, süni intellekt texnologiyalarının məşğulluq xidmətlərinə inteqrasiyası ilə bağlı müvafiq təkliflər hazırlanacaq. Gözlənti ondan ibarətdir ki, rəqəmsal həllər işaxtaranların bacarıqlarının daha dəqiq qiymətləndirilməsinə, uyğun vakansiyaların operativ müəyyənləşdirilməsinə və əmək bazarında tələb-təklif balansının daha səmərəli qurulmasına töhfə verəcək.

Sənəddə diqqət çəkən digər istiqamətlərdən biri isə "Peşələr üzrə elektron atlas" informasiya sisteminin yaradılmasıdır. Bu sistem vasitəsilə vətəndaşların əmək bazarında tələb olunan peşələr barədə məlumatlılığının artırılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin daha uyğun karyera seçimləri etmələrinə dəstək göstərilməsi planlaşdırılır. Beləliklə, peşə seçimi və karyera planlaması daha sistemli və məlumatlara əsaslanan mexanizm üzərində qurulacaq.

Mütəxəssislərin fikrincə, bu addımlar yalnız dövlət məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması deyil, həm də əmək bazarında qərarvermə prosesinin daha çevik, dəqiq və fərdiləşdirilmiş formada təşkili baxımından əhəmiyyət daşıyır. Bununla yanaşı, yeni texnologiyaların tətbiqinin hansı üstünlükləri və çağırışları gətirəcəyi də maraq doğuran məsələlərdən biridir.

Süni intellekt iş axtarışını necə dəyişə bilər?

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasov mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, işsizlərin məşğulluğunun təmin edilməsi və əmək bazarının optimallaşdırılması üçün süni intellektə əsaslanan xidmətlərin tətbiqi, vətəndaş-dövlət münasibətlərinin rəqəmsallaşdırılması prosesinin diqqət çəkən istiqamətlərindən biri hesab oluna bilər. Bu texnologiyanın ənənəvi məşğulluq mexanizmlərini müəyyən dərəcədə dəyişərək, işaxtaranla işəgötürən arasında daha çevik və obyektiv bağ yarada bilər.

Süni intellektə əsaslanan sistemlərin işaxtaranın təhsilini, bacarıqlarını və təcrübəsini analiz edərək ona uyğun vakansiyaları müəyyən bir dəqiqliklə təklif etmək potensialı mövcuddur. Ənənəvi axtarış sistemləri yalnız açar sözlərə əsaslandığı halda, süni intellekt alqoritmlərinin CV-dəki məlumatların kontekstini qismən anlaya biləcəyi düşünülür. Namizədin birbaşa qeyd etmədiyi, lakin keçmiş təcrübələrindən irəli gələn gizli bacarıqlarının təyin edilməsi və əmək bazarının tələbləri ilə uzlaşdırılması nəzəri baxımdan mümkündür. Bu yanaşmanın namizədin vakansiyaya uyğunluq dərəcəsini hesablamağa və yanlış işə qəbul riskini azaltmağa kömək edə biləcəyi qeyd olunur.

Rəqəmsal baza artıq formalaşır

Ekspert qeyd etdi ki, Azərbaycanda bu sistemlərin tətbiqi üçün müəyyən texnoloji zəminin formalaşdığı müşahidə edilir. Ölkədə rəqəmsallaşma sahəsində aparılan islahatların tərkib hissəsi kimi ƏMAS altsistemi kimi platformalar fəaliyyət göstərir. Bu platformalarda əmək müqavilələri, təhsil sənədləri və aktiv vakansiyalar barədə rəqəmsal məlumat bazasının toplanması, süni intellekt alqoritmlərinin ilkin təlimi üçün faydalı resurs rolunu oynaya bilər. Eyni zamanda, dövlət bulud infrastrukturunun mövcudluğu bu növ texnologiyaların inteqrasiyası üçün infrastruktur dəstəyini təmin edə bilər.

İnsan amili hələ də əsas rolunu qoruyacaq

E. Abbasov diqqətə çatdırdı ki, məşğulluq sahəsində tamamilə avtomatlaşdırılmış bir modelə keçmək əvəzinə, süni intellekt ilə insan amilinin birləşdiyi hibrid modelə üstünlük verilməsi daha effektiv yanaşma kimi dəyərləndirilə bilər. Bu hibrid modeldə süni intellektin texniki məlumatların analizi, ilkin filtrasiya və uyğunlaşdırma mərhələsində vaxt itkisinin qarşısını ala biləcəyi proqnozlaşdırılır. Lakin yekun qərarvermə, namizədin motivasiyasının, sosial bacarıqlarının ölçülməsi və fərdi karyera məsləhətçiliyi mərhələsində insan mütəxəssislərinin rolunun əvəzolunmaz qala biləcəyi nəzərə alınmalıdır. Texnologiya ilə insan intuisiyasının bu cür sinerjisinin ölkədə insan kapitalının yönəldilməsinə və struktur işsizliyin azaldılmasına müsbət təsir göstərə biləcəyi ehtimal olunur.

Nigar Orucova, “İki sahil”