21 iyul 2026 15:54
131

Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq 510 nömrəli şəhərətrafı, eləcə də Bakı–Qax, Bakı–Nabran, Bakı–Quba, Sumqayıt-Qəbələ, Gəncə-Gədəbəy, Şəki-Mingəçevir, Mingəçevir-Gəncə, Lənkəran-Astara, Astara-Lənkəran, Lənkəran-Masallı və Masallı-Lənkəran şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

“İki sahil” xəbər verir ki, Abşeron rayonu Çaylı kəndini Müşfiqabad qəsəbəsi ilə əlaqələndirən 510 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs "Güzdək Nəqliyyat" MMC;

Bakı–Qax marşrutu üzrə hüquqi şəxs "Kaspian Ekspress" MMC;

Bakı–Nabran marşrutları üzrə hüquqi şəxs "Uğur yol" MMC;

Bakı–Quba marşrutları üzrə hüquqi şəxs ”Aliosman Ağasoy” MMC;

Sumqayıt-Qəbələ marşrutu üzrə fiziki şəxs Abdurahmanov Şahin Elşad oğlu;

Gəncə-Gədəbəy marşrutu üzrə fiziki şəxs İbrahimov Nizami Abbasəli oğlu;

Şəki-Mingəçevir marşrutu üzrə fiziki şəxs Fərruxzadə Elbrus Elxan oğlu;

Mingəçevir-Gəncə marşrutu üzrə fiziki şəxs Qaffarov Murad Abbas oğlu;

Lənkəran-Astara, Astara-Lənkəran, Lənkəran-Masallı və Masallı-Lənkəran marşrutları üzrə hüquqi şəxs "Logistics and Transport Services" MMC qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.