22 İyul – Milli Mətbuat Günü ərəfəsində Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin Vətəni Zərdab rayonunda tanınmış ziyalıların, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə yaddaqalan görüş keçirilib.
“İki sahil” xəbər verir ki, Kür çayının sahilində, səmimi və xoş atmosferdə təşkil olunan görüş müxtəlif sahələrdə fəaliyyət göstərən tanınmış şəxsləri bir araya gətirib. Milli Mətbuat Günü ərəfəsində məhz Həsən bəy Zərdabinin doğma yurdunda belə bir görüşün keçirilməsi tədbirə xüsusi məna və rəmzi məzmun qazandırıb.
Tanınmış iş adamı və xeyriyyəçi Vəfa Muradzadənin və gənc yazıçı Süleyman Tarverdinin təşkilatçılığı ilə baş tutan tədbirdə müxtəlif peşə sahibləri, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Görüş zamanı Azərbaycan milli mətbuatının yaranma tarixindən, Həsən bəy Zərdabinin xalqımızın maariflənməsi və milli düşüncənin formalaşması istiqamətində göstərdiyi misilsiz xidmətlərdən söz açılıb. Bildirilib ki, böyük maarifçi və mütəfəkkirin yaratdığı “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuat ənənələri bu gün də yaşayır və inkişaf etdirilir.
Doğma Zərdabda bir araya gələn qonaqlar rayonla bağlı xatirələrini bölüşüb, bölgənin ictimai və mədəni həyatı, ziyalıların cəmiyyət həyatındakı rolu, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi ətrafında səmimi fikir mübadiləsi aparıblar.
Kür çayının sahilində keçirilən görüş zəngin musiqi proqramı ilə də yadda qalıb. Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Alim Qasımov, aşıq Əli və xanəndə Abgül Mirzəliyev bir-birindən gözəl ifaları ilə tədbir iştirakçılarına unudulmaz anlar yaşadıblar. Muğam və aşıq sənətinin ruhunu yaşadan ifalar Kür sahilində keçirilən görüşə xüsusi ovqat qatıb.
Tədbir iştirakçıları belə görüşlərin ziyalılar arasında əlaqələrin möhkəmləndirilməsi, doğma yurda bağlılığın gücləndirilməsi, milli-mədəni dəyərlərin təbliği və Həsən bəy Zərdabi kimi görkəmli şəxsiyyətlərin zəngin irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Milli Mətbuat Günü ərəfəsində Həsən bəy Zərdabinin Vətənində, Kür çayının sahilində keçirilən görüş səmimi söhbətlər, xoş xatirələr və unudulmaz musiqi ifaları ilə iştirakçıların yaddaşında qalıb.
“Avromed Company” MMC Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün xüsusi proqram təşkil edib
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb